Naməlum şəraitdə həlak olan hərbiçilərin valideynləri etiraz aksiyası keçirib

Mayın 19-da müxtəlif vaxtlarda naməlum şəraitdə həlak olmuş hərbiçilərin valideynləri Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar övladlarına şəhid statusunun verilməsini tələb ediblər. Bu barədə xəbəri Turana istinadən Operativ.tv verib.

Valideynlərin sözlərinə görə, illərdir məsələ həll edilmir. “Prezident Administrasiyasında da qəbulda olmuşuq, deputatların da qəbulunda olmuşuq. Söz verirlər, amma ortada bir nəticə yoxdur. Ad qoyublar ki, övladlarımız hərbi hissədə naməlum şəraitdə həlak olub, şəhidlik statusunu vermirlər”, deyə etirazçılardan biri bildirib.

Daha sonra aksiya yerində olan polis və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları aksiyanı işıqlandıran reportyorlar Fatimə Mövlamlını və Sevinc Sadıqovanı saxlayaraq telefonlardan çəkdikləri videoları silməyi tələb ediblər. Bir müddət sonra reportyorlar sərbəst buraxılıb.

Aksiya iştirakçıları isə qəbula aparılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və Xüsusi Dövlət Mühafizə Xidmətindən məlumat almaq mümkün olmayıb.