Nabatəli Qulamoğlu: "Nazirin dedikləri tamamilə yanlışdır"

"Azərbaycan hökumətinin bütün diqqəti təhsilin üzərinə yönəlib”.
 
APA-nın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov "British Council"in yeni "Məşğulluq imkanları üçün ali təhsil" proqramı ilə əlaqədar Bakıda məzunların əldə etdiyi nəticələrə həsr edilən ilk strateji Forumda çıxışı zamanı bildirib.
 
Nazir qeyd edib ki, müasir iqtisadiyyatda ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daim öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz: "Həyat boyu öyrənmək artıq maneə deyil. Bu, cari həyatın reallığıdır. Öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib. Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir”.
 
Təhsil eksperti Nabatəli Qulamoğlu Toplum TV-yə  deyib ki, nazirin dedikləri tamamilə yanlışdır.
 
Nabatəli Qulamoğlunun sözlərinə görə,  hüquq-mühafizə orqanları ilə təhsili ölkədə əhatə edən spektrını götürsək, görünəcək ki, təhsil hüquq-mühafizə orqanlarının şaxələrindən böyükdür: "Hər bir rayonda  sayla, barmaqla hüquq-mühafizə orqanlarının miqdarını saymaq olar. Amma  hər bir kəndin məktəbi var, elə kənd var ki, 2 məktəbi var”.
 
Ekspert deyir ki, 2020-ci il üçün büdcədən  22%-ə yaxın hüquq-mühafizə orqanlarına,  11% isə  təhsil xərclərinə vəsait  ayrılıb. Bu müqayisə  özü göstərir ki, təhsil hökumətin diqqət mərkəzindədir, ya yox.
 
"Mən hesab edirəm ki, bu, tamamilə yanlış informasiyadır. Hakimiyyət üçün bu dəqiqə prioritet olan sahə hüquq- mühafizə  orqanlarıdır. Bütün pulları onların üstünə tökürlər ki, hakimiyyətlərini qorusunlar. Təhsil isə prioritet sahə deyil. Ümumiyyətlə,  hökumətin marağında deyil, Azərbaycanda kimsə  təhsil alsın və bu təhsillə  zəkası o qədər işləsin ki, kölə olduğunu başa düşsün. Budur mahiyyəti” -,  Nabatəli Qulamoğlu deyib.