Ən bahalı tablo satıldı - Foto

Türkiyəli məşhur rəssam Osman Hamdimim XIX əsrə aid "İstanbullu xanım" əsəri Avstriyanın paytaxtı Vyanadakı Dorotheum Sənət Qalereyasında hərrac salonunda satışa çıxarılıb.

 

Əsərin açıq artırması 1 milyon 100 min avro ilə başladılıb.

 

Hərraca telefonla bağlanan və kimliyi açıqlanmayan sənətsevər tərəfindən tablo 1 milyon 500 min avro (təxminən 2 milyon 840 min AZN) qiymətlə satın alınıb.

 

Sənət qalereyasının mətbuat katibi Doris Krampl verdiyi açıqlamada, Osman Hamdinin tablosunun 2019-cu ildə satılan ən bahalı əsər olduğunu vurğulayaraq, müxtəlif komissiya və vergi qiymətləri ilə tablonun 1 milyon 770 min 300 avroya (təxminən 3 milyon 351 min AZN) başa gəldiyini söyləyib.

 

Krampl XIX əsrə aid əsərin rəssamın görkəmli tablolarından biri olduğunu vurğulayaraq, əsərin olduğu kateqoriyada ən yüksəl qiymətlə satıldığını qeyd edib.

 

Məşhur rəssama aid "Quran oxuyan qız" tablosu da cari ilin sentyabr ayında İngiltərənin paytaxtı Londonda 6 milyon 315 min funt-sterlinqə (təxminən 13 milyon 865 min AZN) satılmışdı.

 

Müasir Türkiyə rəsm sənətinin yaradıcılarından qəbul edilən Osman Hamdi 1842-ci ildə İstanbulda dünyaya gəlib.

 

1860-cı ildə Parisə hüquq təhsili üçün göndərilən Osman Hamdi, Paris İncəsənət Məktəbinə daxil olub, rəsm təhsili üçün Jan Leon Qerome və Qustav Boulanqerin yanında çalışıb. Sənətkar 1867-ci ildə Beynəlxalq Paris Sərgisinə üç əsər çıxarıb.