Myeşko Raykieviç: “Azərbaycan idman bazarında iz qoyacaq ölkədir”

“Çinlilərin yolu göstərdi ki, belə layihələrə ehtiyatla yanaşmaq lazımdır”.

Apasport.az saytının məlumatına görə, bunu Varşava Universitetinin fəlsəfə doktoru tələbəsi və Yeni Avropa İnstitutunda idmanın siyasiləşdirilməsi üzrə ekspert Myeşko Raykieviç “Nyukasl” klubunun Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınmasına münasibət bildirərkən deyib.

O, böyük sərmayə xərcləməyin idmanda inkişaf üçün yeganə tələb olmadığını söyləyib. Ekspert düzgün iş prinsipinin vacibliyini qeyd edib ki, bu mənada Azərbaycanı xüsusi vurğulayıb: “Azərbaycan idman bazarında güclü iz qoyacaq ölkədir. Onların hakimiyyət orqanları idmana sərmayə qoymaq istəyir. Azərbaycanlılar Avropa Oyunlarını təşkil ediblər, “Formula-1” yarışlarına, AVRO-2020-nin final mərhələsinin matçlarına ev sahibliyi ediblər. Həmçinin başqa bir neçə ölkənin də inkişaf yolunu misal çəkmək olar. Ancaq Çin nümunəsi göstərir ki, birdən-birə nağd pul ayırmaq hər şey demək deyil”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dövlət investisiya fondu “Nyukasl”ın səhmlərini 350 milyon avroya alıb.