Müşərrəf ölüm cəzasına məhkum edildi

Pakistan məhkəməsi keçmiş diktator Pərviz Müşərrəf 2007-ci ildə ölkə konstitusiyasının icrasını dayandırmaqda – vətənə xəyanətdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
 
İslamabadda üç üzvdən ibarət xüsusi məhkəmə qərarını dekabrın 17-də açıqlayıb. Məhkəmə bir neçə ildi gedirdi.
 
1999-2008-ci illərdə Pakistanı idarə etmiş Müşərrəf hazırda Birləşmiş Ərəb Əmirliklərində – Dubayda mühacirətdə yaşayır.
 
O, 1999-cu ildə keçmiş baş nazir Navaz Şərifi qan tökmədən, hərbi çevrilişlə devirib və sonradan ölkəni prezident kimi idarə edib.
 
Müşərrəf 2007-ci il noyabrın 3-də konstitusiyanın icrasını dayandıraraq fövqəladə idarəçilik elan edib, 2008-ci ilin avqustunda isə mümkün impiçmentdən dolayı istefa verib.
 
Pakistan 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə edəndən mövcud olduğu dönəmin təxminən yarısını hərbi üsuli-idarədə keçirib.