"Müdafiə Xətti" və AMİP Tofiq Yaqubluya qarşı zorakılığı araşdırmağı tələb edir

Turan: "Müdafiə Xətti" İnsan Haqları Təşkilatı dekabrın 1-də fəal Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən etiraz aksiyasının "xüsusi qəddarlıqla dağıdılmasını" qətiyyətlə pisləyib.

Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun, aksiyanı monitorinq edən "Müdafiə Xətti"nin həmtəsisçisi Zəfər Əhmədovun, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Saqif Qurbanovun, AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənovun və AXCP üzvü Paşa Dadaşzadənin sağlamlığına polislər tərəfindən qəsdən zərər vurulub.

"Müdafiə Xətti" dərin narahatçılıqla qeyd edir ki, Tofiq Yaqublu bir neçə polis nəfəri tərəfindən zorakılıqla aksiyanın keçirildiyi məkandan kənarlaşdırılıb, əlləri qandallanıb, başına torba keçirilib, amansızlıqla döyülüb, işgəncəyə məruz qoyulub, bu vəziyyətdə fotosu çəkilərək sifarişi verən rəsmi dairələrə göndərilib, daha sonra Bakıdan 70-80 kilometrlik məsafəda yerləşən çöllük ərazidə düşürülüb. Zərbələrin gücündən  Yaqublunun göz ətrafı nahiyəsi o həddə şişib ki, o, görmə qabiliyyətini itirib.

"Müdafiə Xətti" baş prokuror Kamran Əliyevə müraciət edir ki, aksiya zamanı vətəndaşlara zorakılıq tətbiq edən, onların sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirən, vəzifə səlahiyyətlərini aşan Daxili İşlər Nazirliyi əməkdaşlarının dairəsinin müəyyən edilib, hüquqi məsuliyyət məsələsinin həll olunması məqsədi ilə müvafiq göstəriş versin.

Təşkilat ombudsman Səbinə Əliyevanın diqqətini polisin qanunsuz hərəkətlərinə, ictimai təhlükəli əməllərinə cəlb edir, səlahiyyətləri həddində təbdir görməyə çağırır.

"Müdafiə Xətti" polisi təyinatına uyğun şəklidə fəalliyyət göstərməyə, yəni insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumağa dəvət edir, əsas vəzifələri icra etməyə - ictimai qaydanı qorumağa və ictimai təhlükəsizliyi təmin etməyə, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməyə çağırır.

"Müdafiə Xətti" insan haqları sahəsində ixtisaslaşan beynəlxalq quruluşları, mötəbər siyasi və hüquqi mərkəzləri baş verənlərə reaksiya verməyə çağırır.

Təşkilat Azərbaycan hökumətinə çağırış edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək, sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşsın.

Öz növbəsində, Azərbaycan Milli İstiqlal Partiyası Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi faktının ictimai narazılıqları artırmaqla vətəndaş qarşıdurmasına münbit zəmin yaratmağa xidmət etdiyini bəyan edərək, bu cür hərəkətləri adi bir cinayət hadisəsi yox, Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd və təxribat olaraq dəyərləndirir.

Tofiq Yaqublunun döyüldükdən sonra saxlanılmaması və dolayısı ilə işgəncənin izlərini isti-isti ictimailəşdirməyə şərait yaradılması da heç bir halda təsadüf kimi qəbul olunmamalı, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizlə bağlı insan haqlarına dair yeni-yeni qətnamələrin qəbul olunmasına şərait yaradılması kimi qiymətləndirilməlidir.

AMİP müvafiq dövlət qurumlarından Tofiq Yaqubluya qarşı törədilmiş vəhşiliyi və eləcə də Azərbaycana qarşı olan təxribatı dərhal araşdırmağı və kimliyindən asılı olmayaraq, təşkilatçıların və cinayətkarların ən ağır şəkildə cəzalandırılmasını tələb edir.