“Müdafiə Xətti” təşkilatının 2-10 may tarixlərində qeydə aldığı hüquq pozuntuları

Operativ.tv “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 2 may-10 may tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı bülletenini yayıb:
3 may 2022-ci il. 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd aclıq aksiyasına başlayıb. Artıq 2 ildir həbsdə olan hüquq müdafiəçisi özünə qarşı ədalətsizliyə son qoyulmasını və dərhal azadlığa buraxılmasını tələb edir.
5 may 2022-ci il. Tələbə Güc Mərkəzi təşkilatının təmsilçiləri Fərid İmanov və Sahib Quliyev Təhsil Nazirliyi önündə aksiya keçirib. Gənclər təhsildə olan problemlərə etiraz edib və təkliflər irəli sürüb.
8 may 2022-ci il. Jurnalist Aytən Məmmədova yaşadığı binanın blokunda hücum məruz qalıb. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.
10 may 2022-ci il. Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı, bloger Eyvaz Yahyaoğlu Şirvan Şəhər Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi üzrə (polisin qanuni tələbinə tabe olmamaq) 28 sutka inzibati qaydada həbs edilib. Yaxınları onun Şirvan rayonunda baş verən hüquq pozuntularını, dövlət əmlakının talan edilməsini, məmurların vətəndaşların şikayətlərinə qarşı biganəliyini ictimailəşdirdiyinə görə təqib edildiyini önə çəkirlər.