Müdafiə Xətti son həftə ərzində olanlardan yazdı

Müdafiə Xətti son həftə ərzində ictimai fəallara, jurnalistlərə, hüquq müdafiəçilərinə və ictimai fəallara qarşı çoxsaylı qeyri- qanuni repressiyaları diqqətlə izləyir və ciddi narahatçılığını bildirir.
Belə ki, Saatlı rayonunun Orta Muğan kəndində sakinlərin sosial tələblərlə etiraz aksiyasından sonra aksiyada iştirak edən kənd sakinlərindən yalnəz iki nəfər AXCP üzvü- Asim Ağayev və Elməddin Əhmədov polis idarəsinə, oradan da da məhkəməyə aparılaraq İXM-in 510 və 535.1-ci maddələri ilə müvafiq olaraq 15 və 20 sutka inzibati qaydada həbs ediliblər.
04.10 2021-ci il tarixdə Mingəçevir şəhərində AXCP üzvü Ceyhun Rzayev sosial şəbəkədə həbsdə olan bloqerlərin fotolarını paylaşdığına görə 15 sutka həbs edilib.
Müsəlman Birliyi Hərəkatının üzvü Kamran Kərimov (Kamran Fərat) şəhidlərə həsr edilmiş klip yazaraq sosial şəbəkədə paylaşdığına görə dostları ilə oturduğu çayxanadan zorakılıq tətbiq edilməklə polisə aparılıb, Xəzər Rayon Məhkəməsinin qərarı ilə haqqında 30 sutka inzibati həbs seçilib.
Tanınmış bloqer və ictimai fəal Anar Abdulla sosial şəbəkədə tənqidi paylaşmalarına görə evindən qoluna qandal vurularaq, zorakılıq tətbiq edilməklə polis idarəsinə aparılıb, yaxınlarının verdiyi məlumata görə işgəncəyə məruz qalıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 30 sutka inzibati həbs seçilib.
05 sentyabr 2021-ci il tarixdə həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədovun on nəfər partiya yoldaşları jurnalistlərin müşayiəti ilə onun səhhəti haqqında həyacanlı məlumatlara aydınlıq gətirmək məqsədi ilə Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə mərkəzinin önünə gediblər, orada çoxsaylı polis əməkdaşları onların müəssisəyə yaxınlaşmasına mane olaraq aşırı güc tətbiq edərək polis avtomobillərinə mindirib, Xəzər RPİ-nin 3-cü bölməsinə aparıblar. Aksiya iştirakçıları və jurnalistlər saxlanma zamanı və bölmənin həyətində işgəncəyə və qeyri-insanı rəftara məruz qalıblar, nəticədə jurnalistlər-Aysel Umudova, Fatimə Mövlamlı, Samirə Əli, Zərifə Novruz, aksiya iştirakçıları Gülnarə Rəhimova, Mətanət Mahmırzayeva və Fuad Əhmədli müxtəlif xarakterli xəsarətlər alıblar. Aksiyanı monitorinq edən hüquq müdafiəçiləri, Müdafiə Xəttinin həmtəsisçiləri Rüfət Səfərov və Zəfər Əhmədovun peşə fəaliyyətlərini yerinə yetirmələrinə imkan verilməyib, hər ikisi polis bölməsinə aparılaraq psixoloji təzyiqə məruz qalıb, bir neçə saat bölmədə saxlandıqdan sonra sərbəst buraxılıblar. Aksiya iştirakçılarından Rəvan Babayev, Fərid Nağıbəyli və Fuad Əhmədli 21 saat bölmədə saxlandıqdan sonra Xəzər rayon məhkəməsinin qərarı ilə hərəsi 70 manat cərimə olunmuşlar.
Müdafiə Xətti baş verənlərdən dərin narahatçılığını bildirir, repressiyalar seriyasını demokratiyaya və ifadə azadlığına hücum dalğası kimi qəbul edir və hakimiyyəti bu tendensiyaya dərhal son qoymağa çağırır.
Müdafiə Xətti Baş Prokurorluqdan vəzifə səlahiyyətini aşan polis işçiləri barədə müvafiq araşdırma apararaq tədbirlər görməyi xahiş edir.
Müdafiə Xətti Ombudsmandan hüquq müdafiəçilərinin və jurnalistlərin vəzifə borcunu yerinə yetirərkən onların fəaliyyətinə maneçilik yaratmağın yolverilməz olduğunu Daxili İşlər Nazirliyinin diqqətinə çatdırmağı xahiş edir.