Müdafiə Xətti: Əli Əliyevin saxta əsaslarla cəmiyyətdən təcrid edilməsindən narahatıq

“Müdafiə Xətti” insan haqları təşkilatı olaraq Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin saxta əsaslarla, qurama ittihamlarla cəmiyyətdən təcrid edilməsindən dərin narahatıq.
“Müdafiə Xətti” göstərir ki, 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi ağır xəsarətlər alaraq yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar VİP sədri Əli Əliyev “Osmanqızı TV” YouTube kanalında çıxış edib, helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü önə çəkib, müəyyən ehtimallar irəli sürüb. Qəza nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə əsasən VİP sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər.
“Müdafiə Xətti” qeyd edir ki, tərəflərin məhkəmə qarşısında bərabərliyi, müdafiə hüququ, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib, çəkişmə prinsipi kobud şəkildə pozulub. Vəkil Cavad Cavadova iş materialları ilə tanış olmaq üçün cəmi 30 dəqiqə vaxt verilib, müdafiəni təşkil etmək əngəllənib, çıxış üçün 5 dəqiqə zaman ayrılıb. Əli Əliyevin səhhətinin pisləşməsinə, qan təzyiqinin kəskin qalxmasına baxmayaraq, tibbi xidmət göstərilməsinə və təqsirləndirilən şəxs kimi son söz belə söyləməsinə imkan verilməyib, tələsik surətdə proses yekunlaşdırılıb, 5 ay müddətinə azadlıqdan məhrum edilib.
“Müdafiə Xətti” qeyd edir ki, VİP sədri Əli Əliyev vaxtaşırı olaraq hökumətin, şəxsən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasəti tənqid edən partiya sədri kimi tanınır. Bunadək Baş Prokurorluğa dəvət edilərək əsassız xəbərdarlığa məruz qalıb, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən jurnalist Elçin Rəhimzadə ilə birlikdə saxlanılıb, bir neçə saat dindirilib.
“Müdafiə Xətti” VİP sədri Əli Əliyevin azadlıqdan məhrum edilməsinin ali icra hakimiyyəti orqanının məhkəməyə verdiyi qanuna zidd göstərişdən sonra baş tutduğuna şübhə etmir.
“Müdafiə Xətti” bildirir ki, VİP sədri Əli Əliyevin ehtimallar üzərində qurduğu fikirlər söz və fikir azadlığına əsaslanır, qanunauyğundur. Sərbəst fikrə görə qurama əsaslarla təqib olunması isə ifadə azadlığına tam ziddir.
“Müdafiə Xətti” olaraq bəyan edirik ki, VİP sədri Əli Əliyevin azadlıq hüququ dərhal tanınmalı, ümumiyyətlə, böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan normalar dekriminallaşdırılmalı, Avropa Konvensiyasının 10-cu (Fikir ifadə etmək azadlığı), Azərbaycan Konstitusiyasının 47-ci (Söz və fikir azadlığı) maddələrinin tələblərinə dönmədən riayət edilməlidir.