MTN generalı Nizami Şirinovun şikayəti üzrə məhkəmə başlayıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və onunla birlikdə ittiham olunan şəxslərin şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyə ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri dəqiqləşdirilib.

İş üzrə bəzi prosedurlar yerinə yetirilmədiyinə görə ilkin baxış iclası təxirə salınıb.

Proses dekabrın 2-nə təyin edilib.

 

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Tahirov 4 il müddətinə azadlıqdan mərhum edilib. Elman Tahirov barəsində olan cinayətə cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Həmçinin Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.