Məkkədə İslam Əməkdaşlıq Təşkilatının sammiti işə başlayıb

İslam Əməkdaşlıq Təşkilatının növbəti, 14-cü sammiti Məkkədə işə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, dövlət rəhbərləri, hökumətlərin və xarici işlər nazirliklərinin başçıları, bu beynəlxalq struktura 57 üzv dövlətin rəsmi şəxsləri Məkkədə toplaşıblar. Sammitdə müsəlman ölkələrinin həlli vacib olan problemləri, böhranlar, regional münaqişələr, çağırışlar, iqtisadi, sosial və mədəni inkişaf məsələləri müzakirə ediləcək.

Beynəlxalq toplantıda Suriyada, Yəməndə və Liviyada yaranmış vəziyyət, Sudanda və Əlcəzairdə keçid dövrləri, İran mövzusu, həmçinin müxtəlif ölkələrdə müsəlman azlıqların problemləri və digər məsələlər diqqət mərkəzində olacaq.