Miyatoviç vətəndaş cəmiyyəti nümayəndələri ilə hansı məsələləri müzakirə edib?

Miyatoviç vətəndaş cəmiyyəti nümayəndələri ilə hansı məsələləri müzakirə edib?

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Bakıda bir qrup jurnalist və ictimaiyyət nümayəndəsi ilə görüşüb.
 
Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, vətəndaş cəmiyyətinin təmsilçilərindən Akif Qurbanov və İlkin Rüstəmzadə və başqaları iştirak edib.
 
Xədicə İsmayıl Azadlıq Radiosuna bildirib ki, Azərbaycanda KİV sahəsində vəziyyət, jurnalistlərin təqibi, sosial şəbəkələrdə ifadə etdikləri fikirlərə görə məsuliyyətə cəlb edilmələri, saytların bloklanması, tənqidi mediaya və ayrı-ayrı jurnalistlərə hücum edən trolların yaradılması və başqa məsələlər müzakirə olunub. 
 
Onun sözlərinə görə, D.Miyatoviç Azərbaycan rəsmiləri ilə görüşdə bu məsələləri qaldıracağını bildirib.
 
Ələsgər Məmmədlinin Toplum.Tv-yə verdiyi məlumata görə, görüşdə insan hüquqları, ifadə azadlığı və qaçqın və məcburi köçkünlərin durumu ilə bağlı müzakirələr aparılıb: "Dunya Miyatoviç daha əvvəllər ATƏT-in media rəhbəri olub. Azərbaycanı yaxından tanıyan bir ekspertdir. Avropa Şurasının insan haqları üzrə komissarı vəzifəsinə gələndən sonra Bakıya ilk səfəridir. Əsasən ölkədə bir neçə sferadakı vəziyyəti öyrənir. Mən də görüşə ifadə azadlığı sahəsi üzrə mütəxəssis kimi dəvət edilmişəm. Görüşdə ifadə azadlığının həm hüquqi, həm də mövcud vəziyyəti ilə bağlı müzakirələr apardıq".

Facebook