Miqdad ibn Əsvəd (Peyğəmbərin (s) səhabələri silsiləsindən)

Miqdad ibn Əsvəd.

Bağışlayan və Mehriban Allahın adı ilə.

Qısa həyatı

Miqdad ibn Əsvəd Zuhri adı ilə tanınmış Miqdad ibn Əmr Kindi Həzrəmi Həzrəmut camaatından olub. Cahiliyyət dövründə bir müharibədə Kindi qəbiləsindən birini ayağından yaralayıb. Buna görə də Məkkəyə qaçmışdır. Sonra o, Məkkədə Əsvəd ibn Əbd Yəğus Zuhri ilə anlaşıb, bu anlaşma nəticəsində Əsvəd onu cahiliyyət qanunları əsasında oğulluğa götürüb. Buna görə də Miqdadı ibn Əsvəd kimi tanınmışdır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi.

Həzrət Muhəmməd (s) peyğəmbərliyə seçiləndən sonra o Həzrətə (s) ilk iman gətirən kəslərdən biri olmuş, İslam tarixçiləri onu 7-ci müsəlman hesab etmişlər. O, böyük səhabə, fəzilətli və alim şəxslərdən olmuş, özünün şərafəti, mərdliyi və şücaəti ilə tanınmışdır. Allahın Rəsulundan (s) belə bir hədis nəql olunmuşdur: Allah məni dörd nəfəri sevməyə məmur etmiş və mənə xəbər vermişdir ki, bunlar Məni sevir. O dörd nəfər bunlardır: Əli (ə), Miqdad, Əbuzər və Salman.

Miqdad Məkkənin o müsəlmanlarındandır ki, gördüyü zülm və işgəncə səbəbinə Həbəşistana hicrət etmişdir. Sonra Məkkəyə dönmüş və Mədinəyə hicrət etmişdir. O, Peyğəmbərin (s) Bədr, Ühüd və digər bütün döyüşlərində iştirak etmişdir. Bu döyüşlərdə o, öz sərrast ox atması ilə məşhurlaşmışdır. Peyğəmbər (s) öz əmisi qızı, yəni Zubeyr ibn Əbdul-Muttəlibin qızı Zubaəni Miqdadla evləndirir. Miqdadın Məbəd adında bir oğlu olmuş, lakin Cəməl döyüşündə Aişənin qoşununda vuruşmuş, elə oradaca öldürülmüşdür.

Allah Rəsulunun (s) vəfatından sonra Miqdad haqq yolunu azmayan məhdud sayda olan səhabələrdən olmuşdur. O, haqq yolunda qəlbinə zərrə qədər şəkk-şübhə yaratmamışdır. Peyğəmbərdən (s) sonra çıxan fitnədə qəlbi dəmir parçası kimi möhkəm olan Miqdad Osmanın xilafəti zamanında camaat Osmana beyət edərkən etiraza qalxmış və Həzrət Əlinin (ə) müdafiəsi xüsusunda çıxış etmişdir. Hicrətin 33-cü ildə 70 yaşında Mədinə yaxınlığında vəfat etmiş, sonra isə Mədinədə Bəqi qəbristanlığında dəfn olunmuşdur.[1]

Miqdad – İslamın ilk cəngavər döyüşçüsü

Peyğəmbərin (s) ona qarşı olan məhəbbəti onda o Həzrətin (s) canının salamat qalması və qorunması məsuliyyətini yaratmışdı. Mədinədə bir hadisə baş verəndə heç kəsin xəbəri olmamış Miqdad bir göz qırpımında ata atılıb öz iti Hind qılıncını qınından çıxarıb Peyğəmbərin (s) evinin qarşısında dayanırdı.

Miqdadın dostları onun barəsində belə deyirlər: Allah yolunda ilk atını hərəkətə gətirən Miqdad ibn Əsvəd olmuşdur.

Peyğəmbərin (s) dostlarından biri olan Abdullah ibn Məsud deyir: Mən Miqdadda elə bir şey görmüşəm ki, əgər o şey məndə olsa mənim üçün bütün dünya malından yaxşıdır.

Bədr döyüşü günündə çox çətinliklə baş tutdu. Çünki kafirlər qorxuducu bir qoşunla gəlmişdilər. Onlar bu döyüşə qəlblərində kin-küdurət, qürür və təkəbbürlə müsəlmanlarla döyüşmək üçün gəlmişdilər. O gün müsəlmanların sayı az idi. Bundan öncə isə İslam üçün heç bir döyüşdə iştirak etməmişdilər, onların Allah yolundakı ilk müharibələri idi.  Həzrət Peyğəmbər (s) onunla olanları imtahan etmək istəyirdi. İstəyirdi ki, atlı-piyada qarışıq hücum edən düşmənlərin qarşısında onun səhabələri nə istedada malik olmalarını bilsin. Buna görə də o Həzrət (s) öz dostlarını toplayıb onlarla bir nizami şura yaratdı ki, onların fikirlərini öyrənsin. Peyğəmbərin (s) səhabələri bilirdilər ki, o Həzrət (s) nə zaman onlarla məsləhətləşsə, yeri var. Həmçinin müsəlmanlar da öz fikirlərini söyləməkdə tamamilə azad idilər. Əgər bir müsəlmanın fikri bütün müsəlmanların fikrinə müxalif olsaydı, heç kəs onu məzəmmət və ya tənqid etməzdi.

Miqdad qorxdu ki, birdən müsəlmanların içində müharibəyə və ya öldürülməyə meylsizlik nümayiş etdirən birisi olar. Buna görə də kimsə sözə başlamazdan öncə qətiyyətli çıxış etdi və döyüş şüarları səsləndirməyə başladı ki, müsəlmanların döyüş ruhiyyəsini artırsın. Lakin o, sözə başlamamışdan öncə Əbu Bəkr söhbətə başlayıb bir sıra sözlər dedi, onun ardınca Ömər ibn Xəttab danışdı. Bu zaman Miqdad önə çıxıb dedi: “Ey Allahın Rəsulu! Allahın sənə verdiyi əmri yerinə yetir, sizin hüzurunuzda hər cür canfəşanlıq etməyə hazırıq. And olsun Allaha, heç vaxt İsrail övladlarının Musaya (ə) dedikləri sözü sənə deməyəcəyik. Onlar Musaya demişdilər ki, sən get Allahınla birgə vuruş, biz burada oturub gözləyirik. Əksinə biz belə deyirik: Sən get Allahın yolunda vuruş, biz də sənin yanında vuruşaq. And olsun səni haqq yolunda peyğəmbər olaraq göndərən Allaha, əgər bizi Ğimad (və ya Ğəmmad) ölkəsinin sularının mərkəzinə aparsan ki, qılınc vurub həmin məntəqəyə çataq, Allahın sənə qələbə nəsib etməsi üçün sağında, solunda, önündə və arxanda vuruşacağıq.  

Miqdadın dodaqları arasından çıxan sözlər ox kimi öz hədəfinə çatdı. Allah Rəsulunun (s) üzü gül qönçəsi kimi açıldı və Miqdad üçün dua etdi. Miqdadın qətiyyətli və inqilabi çıxışı pak və imanlar dolu müsəlmanların qəlbinə nüfuz etdi.

Bu təsirli çıxışdan sonra Ənsarın böyüyü Səd ibn Məaz ayağa qalxıb dedi: Ey Allahın Rəsulu! Biz sənə iman gətirmiş və səni təsdiq etmişik. Şəhadət veririk ki, sənin dinin haqdır. Bununla əlaqədar səninlə əhd-peyman bağlamışıq. Nə istəyirsən, onu da et, biz sənin yanındayıq. And olsun səni haqq olaraq peyğəmbər seçən Allaha, əgər əmr versən ki, bu dənizə daxil olaq, biz özümüzü bu dalğaların arasına vurarıq. Bizim heç birimiz bu məsələdə kənarda qalmarıq. Əgər sabah bizi düşmənlə üz-üzə qoysan, heç vaxt üz döndərib qaçmarıq. Biz döyüş səhnəsində möhkəm dayanmışıq. Bəlkə Allah bizim vasitəmizlə sənin gözünün nurunu ortaya qoydu. Əmr ver, hərəkət edək ki, Allahın köməyi bizim yol yoldaşımız olsun!

Peyğəmbərin (s) qəlbi sevincdən titrəməyə başladı və o Həzrət (s) buyurdu: Hərəkət edin, sizə müjdə var! İki qoşun bir-birinə girdi...

O gün müsəlmanlardan yalnız üçü atlı idi. Bunlar Miqdad ibn Əsvəd, Mərsəd ibn Əbi Mərsəd və Zubeyr ibn Əvam idi.

Qalan mücahidlər isə piyada idi və yaxud dəvəyə süvar olmuşdular. Miqdaddan eşitdiyimiz sözlər nəinki onu şücaətini göstərir, həmçinin onun hikmətli və dərin təfəkkürlü bir insan olmasını da bizə nümayiş etdirir.

Bir gün Peyğəmbər (s) bir məntəqənin hakimliyini ona tapşırır. Miqdad oradan geri qayıdanda Peyğəmbər (s) ondan soruşur: Hakimliyini necə icra etdin? O, tam sədaqət və incəliklə belə cavab verdi: Hakimliyi mənə tapşırmaqla mən özümü insanların başlarının üstündə, insanları da ayaqlarımın altında gördüm. And olsun səni haqq olaraq seçən Allaha ki, bundan sonra heç vaxt hətta iki nəfərin arasında da hakimlik etməyəcəyəm.

Soruşmaq lazımdır ki, əgər hikmət bu deyilsə, bəs nədir? Əgər belə bir adam hikmət sahibi deyilsə, bəs hikmət sahibi kimdir?

Miqdad həmişə Allah Rəsulundan (s) eşitdiyi bu hədisi zümzümə edirdi:

Xoşbəxt o adamdır ki, fitnədən kənarda qalsın.

Hakimlik vəzifəsinin onda təkəbbür sifəti yaratdığını gördükdə, bu sifətin onu fitnəyə salacağını və ya fitnəyə salmaq ehtimalını gördükdə bu qərara gəldi ki, onun səadəti hakimlikdən çəkinməkdədir.

Miqdad böyük məqama və fəzilətlərə sahib olan səhabələrdəndir. Allahın Rəsulu (s) Allah tərəfindən dörd nəfəri sevməyə məmur seçilmişdi. Onlardan biri Miqdad idi. Miqdad Allah Rəsulundan (s) sonra Əlinin (ə) haqq olduğu və Əhli-beytin (ə) məzlumiyyəti barədə bir dəqiqə olsun belə şəkk etməyən şəxslərdəndir. O, daim əlində qılınc tutaraq, gözlərini Həzrət Əlinin (ə) gözlərinə dikərək Həzrətin (ə) əmrini gözləyib. Miqdad Həzrət Zəhraya (ə) namaz qılan şəxslərdəndir.

İmam Sadiq (ə) buyurur: “Miqdadın bu ümmətin arasındakı məqamı Qurandakı Əlif hərfi kimidir ki, heç bir şey ona birləşmir”

Miqdad Səqifədə

Miqdad Əbu-Bəkrə etiraz edən on iki nəfərdən biridir. Miqadad səqifədə ayağa qalxaraq dedi: “Ey Əbu-Bəkr, öz nəfsinə diqqət et, özün barəndə düşünüb günahların üçün ağla ki, bu sənin üçün yaşayışında və ölümündə daha yaxşıdır. Allahın və Peyğəmbərinin (s) təyin etdiyi bu əmri öz sahibinə geri qaytar. Dünyaya söykənmə, onun alçaq şəxsləri səni qürurlandırmasın. Tezliklə dünyan məhv olub Allahına tərəf qayıdacaqsan və əməlinin qarşılığını alacaqsan. Sən özün bilirsən ki, bu iş (Xilafət) Əliyə (ə) məxsusdur. O, Peyğəmbərdən (s) sonra onun sahibidir. Sənə nəsihət verdim. Bəlkə nəsihətimi qəbul etdin.”

Miqdad Peyğəmbərdən (s) sonra

Allahın Rəsulu (s) dünyasını dəyişdikdən sonra Miqdad daim Əmirəl-Möminin Əlinin (ə) xidmətində dayanaraq, Əhli-Beytin (ə) qəsb olunmuş hüququnu müdafiə edirdi.

Şəbi nəql edir ki, Osmanın xəlifə seçildiyi şura təşkil olunduqda camaat daruş-şurada (şura evində) toplaşdılar. Miqdad ora gəlib dedi: “Ey camaat! Dediklərimə qulaq asın. Mən Miqdad ibn Əmrəm. Deyirəm əgər Əliyə (ə) beyət etsəniz, eşidib itaət edəcəyik. əgər Osmana beyət etsəniz eşidib itaət etməyəcəyik.” Əbdullah ibn Rəbiə ibn Muğeyrə Məxzumi ayağa qalxaraq dedi: “Əgər Osmana beyət etsəniz, eşidəcək və itaət edəcəyik. Əgər Əliyə (ə) beyət etsəniz eşidəcək amma itaət etməyəcəyik. ” Miqdad dedi: “Ey Allahın, Peyğəmbərinin (s) və Allah kitabının düşməni, saleh camaat sənin sözünü qəbul etməyəcək.”

Əbdullah dedi: “Sənin kimi birisi qureyşin işinə müdaxilə etməyə cürət edə bilməz.” Şura günü Miqdad dedi: “Məni özünüzlə birgə şuraya daxil edin.” Qəbul etmədilər. Dedi: “Yaxınlığınızda olmağıma icazə verin.” Qəbul etmədiklərində Miqdad dedi: “İndi ki, mənim bu iki istəyimi qəbul etmirsiniz, Bədr müharibəsində və beyəti-rizvanda hazır olmayan, Uhud muharibəsindən qaçanla (məqsədi Osman idi) beyət etməyin.” Osman dedi: “Əgər mən xəlifə olsam, Səni əvvəlki vəziyyətinə qaytaracağam.(qulluğa)”

Miqdad dünyasını dəyişdik də Osman Onun qəbrinin kənarında dayanıb təriflər deməyə başladı. Bunu görən Zubəyr bu məzmundan bir şer söylədi: “Ölümümdən sonra Mənə nalə edib, novhə oxuduğunu görürəm. Sağ olarkən Mənə azuqə vermirdin.”

Şəbi deyir: “Şuradan bir gün sonra Miqdad osmanı xilafətə çatdıran Əbdur-rəhmanla rastlaşdı. Onun əlindən tutaraq dedi. Əgər bu işi dünyaya xatir etmisənsə, Allah malını artırsın. Əbdur-rəhman dedi: qulaq as, qulaq as... Miqdad dedi: Qulaq asmıram. Əlini onun əlindən çəkərək getdi. Bundan sonra Həzrət Əlinin (ə) xidmətinə gedərək dedi: Qalx və döyüş ki, Səninlə birgə döyüşək. Əli (ə) buyurdu: Tərəfdarlarımız olmadan kiminlə vuruşaq, Allah sənə rəhmət etsin.”

Miqdad və Əhli-beytin (ə) məhəbbəti

Əbdullah ibn Cündəb deyir: “Osman xəlifəliyə çatdığı gün Miqdadın yanına getdikdə belə dediyini eşitdim: Allaha and olsun, bu ailə kimi məzlum olanı görməmişəm. Orada əyləşmiş Əbdur-rəhman ibn ovf dedi: Miqdad, bu işlərdən sənə nə?!” Miqdad dedi: Allaha and olsun ki, Onları Allahın Rəsuluna (s) xatir sevirəm. Qureyşə təəccüb edirəm ki, Allah Rəsulunun (s) qohumu olduqlarına görə camaatın yanında fəxr edirlər, amma Əhli-beytinin (ə) haqqını əlindən alırlar. Əbdur-rəhman dedi: Allaha and olsun, şurada sizin haqqınızda və sizin xeyirinizə çalışdım.

Miqdad dedi: Allaha and olsun, haqq əmr edən və ədalətli bir şəxsi məhrum və tərk etdin. Allaha and olsun, əgər qureyşin əleyhinə döyüşmək üçün köməyimiz olsaydı, Bədrdə və Uhuddə vuruşduğumuz kimi vuruşardıq. Əbdur-rəhman dedi: Anan matəmində əyləşməsin, ehtiyatlı ol ki, camaat bu sözlərini eşitməsin. Fitnə v təfriqə salan olmağından qorxuram. Miqdad dedi: Haqq və Vəlilərinə tərəf dəvət edən şəxs fitnə və təfriqə salan ola bilməz. Fitnəkar o şəxsdir ki, camaatı batilə salıb və nəfsi istəklərini haqqdan önə keçirib. Əbdur-rəhmanın əhvalı dəyişdi, ayağa qalxıb dedi: Əgər məqsədinin mən olduğumu bilsəydim, səninlə münasibətim başqa cür olardı. Miqdad dedi: Ey Əbdur-rəhman, məni hədələyirsən?! Sonra ayağa qalxıb çıxıb getdi.

Həzrət Əlinin (ə) şiələri Osmanı xilafəti qəsb etməkdə günahkar bildiklərindən onun işlərindən də nifrət edirdilər. Osman da Əli (ə) və yaxınlarına qarşı xüsusi “həssasiyyətlə” yanaşırdı. Onları növbənöv məhrumiyyətlərə və əzablara düçar edirdi. Əbazər Qəffarini Rəbəzə çölünə sürgün etdi. Əmmara zərbə vurdurduğundan sinəsində çat əmələ gəlmişdi. Əbdullah ibn Məsudun dişlərini sındırdı və Miqdada hədə-qorxu gəldi.

Miqdad və Osman

İmam Baqir (ə) buyurur: “Osman Miqdada dedi: Allaha and olsun, ya gərək işlərindən əl çəkəsən ya da səni əvvəlki vəziyyətinə qaytaracağam. Miqadad ölüm ayağında olarkən Əmmara dedi: Mənim tərəfimdən Osmana çatdır ki, mən Allahıma tərəf qayıtdım.”

Miqdadın vəfatı

Miqdad ölüm ayağında olarkən ölümü barəsində Osmana xəbər verilməməsini vəsiyyət etdi. Miqdad hicrətin 33-cü ilində 70 yaşında Mədinənin bir fərsəxliyində yerləşən “Cərf” adlı məntəqədə dünyasını dəyişdi. Müsəlmanlar Miqdadın cənazəsini Mədinəyə gətirərək dəfn etdilər. Əmmar Yasirin Onun cənazəsinə namaz qıldığı nəql olunur.

 

Hazırladı: Şeyx Fərhad Mirzə

 

[1] Mənbələr: Əl-İsabə c. 3; Əl-İstiab, c. 3; Usdul-Ğabə, c. 5; Əyanuş-şiə, c. 10; Mucəm ricalil-hədis, c. 18