Milli Şuranın mitinqinə icazə verilmədi - Rəsmi cavab

Milli Şuranın mitinqinə icazə verilmədi - Rəsmi cavab

Milli Şuranın martın 2-də keçirmək istədiyi mitinqə icazə verilməyib. Operativ.tv-nin verdiyi xəbərə görə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn götürüb.

Məktubda qeyd olunub ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən dərhal sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilmiş qanun pozuntuları, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına, Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub və bu haqda müraciətlər hələ də davam etməkdədir.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.

Bu da mitinq təşkilatçılarının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yaradır. Qeyd olunanları və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq 2 mart 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırılan mitinq məqsədəuyğun hesab edilmir.

Facebook