Milli Məclisin komitəsi 2017-ci ilin dövlət büdcəsinin icrasını qənaətbəxş hesab edib

Milli Məclisin komitəsi 2017-ci ilin dövlət büdcəsinin icrasını qənaətbəxş hesab edib

Mlii Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub.

"Report"un məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, ötən ilin büdcəsinin icra vəziyyəti iqtisadiyyatda müsbət meyllərin gücləndiyini göstərir. 

"Dövlət büdcəsinin əsas parametrlərinin icrası təmin edilib. Heç bir sosial proqamın icrasında maliyyə sıxıntısı olmayıb. Bu da 2018-ci ilin dövlət büdcəsini daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb", - o qeyd edib. 

Müzakirələrdə iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım qeydə alınıb. 

"Ötən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı formalaşdırılıb. Azərbaycanın xarici ticarəti 12,3%, əmtəə ixracı 18,1%. o cümlədən qeyri-neft əmtəə ixracı 24,4% artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 mlrd. dollar artaraq ilin sonuna 41 mlrd. dollaı keçib", - o bildirib.  

Qeyd edək ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun 1,6%-i deməkdir və proqnozdan 9,5% bəndi azdır. 

Ötən il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin tranfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.

2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.

Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib. 

2017-ci ildə dövlət büdcəısinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib. 

Facebook