Milli Məclis “Ümumi təhsil haqqında” qanunu qəbul etdi

Martın 29-da Milli Məclis plenar iclası başlayıb. 
 
Gündəliyinə 25 məsələ daxil edilib. 
 
Bunlar "Hesablama Palatası haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında", "Mediasiya haqqında" və s. qanunlara, o cümlədən Vergi, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir.
 
Milli Məclisinin növbəti plenar iclasında yeni hazırlanan "Ümumi təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
 
5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
 
Milli Məclisdən "report"a verilən məlumata görə, qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. 
 
Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.
 
Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir. Qanun layihəsində bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
 
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.
 
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.