Məhərrəm ayının 15-ci gününün tarixi hadisələri

Məhərrəm ayının 15-də Aşura faciəsi və növbəti proseslərlə bağlı bir sıra tarixi hadisələr yadda qalıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin Məhərrəm ayının 15-dir. Məhz belə bir gündə Əməvi hakimiyyətinin İraq üzrə valisi Ubeydullah ibni Ziyad Kərbəlada kəsdirdiyi mübarək başları Yezid ibni Müaviyəyə göndərir. O əmr verir ki, tez bir zamanda bu mübarək başları Yezidin hüzuruna çatdırsınlar.

Bu tələskənliyin səbəbi tarixən İmam Əli övladının yaxınlarının çox olduğu İraqda üsyanın qalxmaması üçün idi. Bundan savayı Ubeydullah mübarək başları tələsik Yezidin hüzuruna göndərməklə Əməvi hakimiyyətinə olan məşum sədaqətini göstərmək istəyirdi.

Bəzi tarixi qeydlərə görə İmam Hüseynin əsir götürülmüş ailə və yaxınlarının Şama Yezidin hüzuruna göndərilməsi də bundan sonra baş verib.

Böyük əhli-sünnə alimlərindən İbni-Hibban Siqat adlı əsərində yazır ki, Yezid İmam Hüseynin mübarək başını qarşısında görəndə əlindəki çubuq və digər müxtəlif vasitələrlə onu təhqir edirdi.

Bu da onu göstərir ki, Yezid Peyğəmbər övladının və imamın qanına susamışdı.

Yezid ibni Müaviyənin bu addımı onun sülaləsinin süqutuna səbəb oldu. Bundan savayı İmam Hüseyn əbədi rəğbət qazandığı halda Yezid də əbədi lənət qazandı.