Məhərrəm ayının 12-ci gününün tarixi hadisələri

 Aşuradan dərhal sonra İmam Hüseynin ailəsi və yaxınları ki onların böyük əksəriyyətini qadın və uşaqlar təşkil edirdi fiziki və mənəvi işkəncələr altında müharibə əsiri kimi əsir götürüldü və Kufəyə aparıldı.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, artıq, Məhərrəm ayının 12-də İmam Hüseynin ailə və yaxınlarından ibarət əsirlər Kufəyə çatmışdı.

İki ay öncə İmam Hüseynin tərəfdaşlarının olduğu Kufə şəhəri artıq Yezid və Ubeydullah ibni Ziyadın ordusunun qorxusundan münafiqlər şəhərinə çevrilmişdi. Onların bir qismi imama dəstək barədə verdiyi sözü tutmadıqlarından peşman olmuşdu. Lakin bu peşmançılıq bir fayda vermirdi. İslamın ən şərafətli insanları ən böyük müsəlman şəhərlərinin biri olan Kufədə müharibə əsiri kimi gəzdirilirdilər.

Əsirlər karvanının fədakarı həzrət Zeynəb xəyanət etmiş Kufə şəhəri və onun sakinlərini tanıyırdı. Bir zamanlar bu şəhərdə həzrət Əlinin və xəlifənin qızı kimi ehtiramla qarşılanırdısa, indi əsir kimi küçə bə küçə gəzdirilirdi.

Yezidin İraq üzrə valisi Ubeydullah mübarək bədənlərdən ayrılan başların nizələrə taxılması və Kufədə küçə bazarda gəzdirilməsini əmr etmişdi. Bu mənzərəni görən və başların kimə aid olduğunu bilənlərin bir qismi ağlayır, bir qismi isə sevinirdi.

Tarixçilər əsirlərin Kufədə Ubeydullahın sarayına aparılan zaman İmam Hüseynin əsir bacısı həzrət Zeynəbin kufəlilərə xütbəsini nəql edirlər. Həzrət Zeynəb burada bildirir ki, siz kufəlilər Yezidin əmri ilə Peyğəmbərin və islamın ən sevimli insanlarını öldürmüsünüz. Bundan sonra həzrət Zeynəb oradakılara nifrin edir.

Məhərrəmin 12-ci günündə Kərbəla səhrasına yaxın olan Bəni-Əsəd qəbiləsi özlərini bura çatdırır. Onlar İmam Hüseynin və 72 səhabəsinin pak nəşlərini elə olduğu yerdə dəfn edirlər və beləcə Kərbəla dünyaya əks səda salan, azad insanları bir araya gətirən bir məktəb və mərkəzə çevrilir.