Məhkəmə bloqer Rəşad Ramazanovu həbsdə saxlayıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, iyunun 25-də Sabunçu Rayon Məhkəməsi bloqer Rəşad Ramazanovun ev dustaqlığına keçirilməsilə bağlı vəsatətini təmin etməyib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Müdafiə tərəfi hesab edir ki, istintaq həbsdə saxlanılmadan də aparıla bilər.

*Rəşad Ramazanov bu il mayın 20-də saxlanılıb, ertəsi gün isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs edilib. O 5 ildən 12 ilədək azadlıqdan məhrum oluna  bilər.

Bundan öncə Rəşad Ramazanov 2013-cü ilin mayında həbs olunmuşdu və külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yerli hüquq-müdafiə təşkilatları həbsin əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin tənqidi olduğunu bildiriblər və Ramazanovu siyasi məhbus kimi tanıyıblar. 2019-cu ilin martında dövlət başçısı tərəfindən əfv edilib.