Məhkəmə Assanjın ABŞ-a ekstradisiyasına icazə vermədi

London məhkəməsi casusluqda ittiham olunan avstraliyalı jurnalist və "VikiLiks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiya olunmasına icazə verməyib. 
 
Bu barədə yanvarın 4-də "Röyters" xəbər yayıb. 
 
Müvafiq qərarı bazar ertəsi səhər saatlarında hakim Vanessa Braytser qəbul edib. Assanjın ABŞ-a ekstradisiyasına icazə verilməməsinə səbəb kimi onun "tam təcrid olunmuş vəziyyətdə" özünə qəsd edə biləcəyi ehtimalı göstərilib. Hakim bildirib ki, ABŞ tərəfinin təklif etdiyi prosedurlar bu cür nəticənin qarşısını ala bilməz. 
 
Rəsmi Vaşinqtonun appelyasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.