Merkel Putinin Rusiyanı hər vasitə ilə qorumaqla bağlı sözlərini ciddi qəbul etməyə çağırıb

2005-2021-ci illərdə Almaniya kansleri olmuş Angela Merkel hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin sözləri ciddi qəbul edilməlidir.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, o, bu fikri “Keçmiş Federal Kansler Helmut Kol Fondu"nun açılışında bildirib. 

"Onun sözlərini ciddi qəbul etmək lazımdır. Sözləri ciddi qəbul etmək, onları lap əvvəldən blef kimi yox, ciddi qəbul etmək heç bir halda zəiflik əlaməti deyil, siyasi müdrikliyin - manevr üçün yer saxlamağa kömək edən müdrikliyin əlamətidir", deyə Merkel qeyd edib. 

Putin daha əvvəl televiziya ilə çıxışında qeyd edib ki, Qərb ölkələri Rusiyanın xüsusi əməliyyatına cavab olaraq “nüvə şantajı”na başlayıb, Kiyevin Zaporojye atom elektrik stansiyasını atəşə tutmasını təşviq edib və nüvə silahından istifadənin məqbul olduğunu bəyan edib. Prezident vurğulayıb ki, Rusiya Federasiyası öz ərazi bütövlüyünü və xalqını qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır və “bu, blef deyil”.