“Mercedes”lə polisi vurub qaçanla birgə iki nəfər də saxlanıldı

Dünən Hacıqabul rayonunda karantin postunda polisi vuran şirkət rəsmisi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Qafqazinfo”ya verdiyi məlumata görə, aprelin 14-də saat 12 radələrində Tərtər rayon sakini Elşad Məmmədov idarə etdiyi “Mercedes” markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis nəfərinin avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq yüksək sürətlə hərəkətini davam etdirib onu qəsdən vurub xəsarət yetirib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilib.

Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, postda polisi vuran şəxsin Tərtər sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsində çalışan Məmmədov Elşad Malik oğlu olması müəyyən edilib. "Patron" tumlarını istehsal edən "Vəkiloğlu" MMC Elşad və Rəşad Məmmədov qardaşlarına aiddir. E.Məmmədov şirkətin həmtəsisçisi və direktor müavinidir. Şirkət Tərtər rayonunun Xoruzlu kəndində fəaliyyət göstərir.