Meliorasiya və Su Təsərrüfatı ASC: “Azərbaycan Sərsəng su anbarının ehtiyatından istifadə edərsə...”

İqlim dəyişikliyi və şirin su mənbələrinin tükənməsi nəticəsində dünyanın qarşı-qarşıya qaldığı qlobal problemlərdən olan su qıtlığı Azərbaycan üçün də önəmli ekoloji təhdiddir. 
 
"Toplum TV” 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdəki şirin su qaynaqlarının ölkənin su ehtiyatına göstərəcəyi təsiri öyrənməyə çalışıb.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmalarına əsasən Qarabağda münaqişə başlayanadək ümumilikdə 24 su anbarı olub, bunlardan 3-ü qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 2-i həm də enerji mənbəyidir. Bölgədə ən böyük su ehtiyatı Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarına məxsusdur. 
 
Su anbarı noyabrın 10-da Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin müharibənin başa çatmasına dair imzadığı bəyanata əsasən, Rusiya sülhməramlılarının nəzarətindəki konfliktli ərazidə qalır. Ancaq mütəxəssislər gələcəkdə Sərsəng su anbarından birgə istifadəni sitisna etmirlər və bunun danışıqların predmeti olacağını düşünürlər. 
 
Mütəxəssislərin təklifləri
 
ReAl Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Sərsəng su anbarının konfliktli ərazidə qalmasının heç bir önəmi yoxdur: "Bildiyiniz kimi bu su anbarının geniş su potensialı var. Yəni onun potensialı erməni əsilli Azərbaycan vətandaşlarının yaşayacağı ərazilərin suvarılması üçün həddən artıq çoxdur. Bu səbəbdən daha böyük ərazilərə suyun çatdırılması üçün işlər görülməlidir. Düşünürəm ki, dekabrın 1-dən, ərazilərimizin tamamilə boşaldılmasından sonra danışıqlar masasında müzakirə olunacaq mövzulardan biri də Sərsəng su anbarından istifadənin bəlli çərçivələrinin müəyyən edilməsi olacaq”.  
 
Ətraf mühit və su məsələləri üzrə ekspert Rövşən Abbasov Tərtərçay üzərində yerləşən Suqovuşan və Sərsəng su anbarlarının Azərbaycanın su ehtiyatlarına əlavə töhvə verəcəyini söyləyir: "Sərsəng su anbarı üzərində ermənilər üçün xeyli böyük əhəmiyyəti olan böyük elektrik stansiyası var. Onlar Sərsəng su anbarından əsasən bu məqsədlə istifadə edirdilər. Bu səbəbdən onlara su qışda, bizə isə yayda lazımdır. Əgər Azərbaycan anbarın yerləşdiyi əraziyə öz ərazisi kimi baxıb oranı elektrik enerjisi ilə təmin etsə, bu zaman Sərsəng su anbarının suyundan istifadə edə biləcək. Yəni Qarabağda yaşayan əhalinin də elektrik enerjisi Azərbaycan tərəfindən verilsə, o zaman ermənilərin bu anbara ehtiyacı qalmaz, daha çox suvarmaya üstünlük verilər”. 
 
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli hesab edir ki, Sərsəng su anbarı Azərbaycan üçün strateji önəmə malikdir və buna görə də mübahisəli ərazidə qalan su anbarı ilə bağlı problem tezliklə həll edilməlidir. Amma o bu məsələdə nikbun düşünmür: "Görünən odur ki, o su anbarının taleyi məlum deyil və bir müddət ermənilərin işğalı altında qalacaq. Azərbaycan hökuməti çalışmalıdır ki, konfliktli ərazilərlə bağlı məsələ tezliklə gündəmə gəlsin. Əks halda bu məsələ aktuallığını itirəcək və həmin ərazilərin ermənilərin işğalı altında qalması bizə yenidən problemlər yaradacaq”. 
 
 
Hökumətin qeyri-müəyyənliyi
 
Rəsmi qurumlar su anbarının aqibəti haqda danışmağın tez olduğunu bildirirlər. Elə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbat katibi Dilqəm Şərifov ümumi fikirlərlə kifayətlənir. 
 
O, "Toplum TV”-yə deyir ki, respublikanın 4-cü böyük su anbarı olan Sərsəng su anbarından  istifadə Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün önəmli addım olacaq: "Layihəyə əsasən, Azərbaycan Sərsəng su anbarının ehtiyatından istifadə edərsə Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq. 1976-cı ildə tikilən, uzunluğu 12 kilometr olan anbarın ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir”.
 
 
İşğaldan öncə sözügedən su anbarı yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionunda başlıca su təminatçısı idi. 
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araştırma
larına əsasən, Sərsəng su anbarından başqa bu ərazidə ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da var və 15 min hektar torpaq sahəsini suvarma potensialına malikdir. 
 
Bundan əlavə, işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarına nəzarətin Azərbaycan tərəfinə keçməsi 75 min hektar yeni ərazinin suvarılması üçün imkan yarada bilər. Xudafərin su anbarının həcmi bəzi hesablamalara görə 1.6 milyard kubmetrdir. Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min kubmetr yeraltı şirin su təchizatı deməkdir.
 
Natiq Cəfərli Azərbaycanda son illər kənd təsərrüfatında məhsuldarlığın səviyyəsinin aşağı olmasını ölkənin su ehtiyatlarının azlığı ilə əlaqələndirərək işğaldan azad edilmiş ərazilərdəki su mənbələrinin əhəmiyyətini belə izah edir: "Azərbaycanda son iki ildə aqrar sahədə ən ciddi problemlərdən biri suvarma ilə bağlı idi. Xüsusilə cənub-qərb rayonlarındaki fermerlərin suya çıxış imkanları məhdud səviyyədə idi. Ümumiyyətlə ölkədə olan su qıtlığı məhsuldarlığı aşağı salan ilk faktordur. Bizdə 1 hektardan götürülən məhsul növü digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Yeni su hövzələrinə, çaylara və su barajlarına çıxış isə Azərbaycanın suvarma problemlərinin böyük bir qisminin həll edilməsində ciddi rol oynayacaq. Eyni zamanda bu, işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin inkişafı və məhsuldarlığın artırılması üçün də çox əhəmiyyətlidir”.