MBH son hadisələrlə bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatına qarşı baş verən reperessiyalar hər ötən gün artmaqdadır. Məlumdur ki, bu addımlar Hərəkatın təkcə müstəqil fəaliyyətinə qarşı təxribat deyil, eyni halda formalaşdırılan qorxu mühitində doğru-düzgün düşüncəni də hədəfdən yayındırmağa yönəlmişdir. Buna görə Hərəkatın bu addımlara qarşı dözümü təxribatları daha da intensivləşdirir. Son iki həftədə baş verən hadisələr- 4 Hərəkat üzvünün narkotik ittihamı ilə şərlənərək həbs olunması bunu söyləməyə əsas verir ki, təxribatlar planlı şəkildə hazırlanır və davamlı olaraq da icra edilir. Cəzasızlıq mühiti, siyasi baxışların hədəfə alınması qarışıq bir zamanda vəziyyəti daha da gərginləşdirir. Hərəkatın lideri Tale Bağırzadəyə qarşı da hakimiyyət tərəfindən hər cür planlı təxribatın həyata keçirməsi istisna deyil. Tale Bağırzadə Qobustan qapalı həbsxanasında tək olduğu halda bunun birbaşa icraçısı olmaq təhlükəsi, eyni halda ilahiyyatçının qapalı təcrid həyatı onların bu işdə həssas durumu sayıla bilərdi. Noyabrın 26-da Hacı Talenin 12 saylı müəssisəyə köçürülməsi ilə yaranan gərginlik bütün bu işlərdə gizlənən həqiqətin ilkin təzahürü idi. Tale Bağırzadənin təxribata çəkilməsinə etiraz olaraq onun aclığa başlaması bu günə qədər aclığın səbəbləri ilə maraqlanmayan yuxarı dairələrin bu təxribata maraqlı olmasına şübhələr üçün əsas verir. Əks halda 14 gündür aclıq edən, həkim müayinəsindən belə imtina edən şəxsin durumu ilə əlaqədar təşkilatlar niyə maraqlanmasın ki?!
Beləliklə bu işin maraqlı qüvvələrin öncədən planlaşdırdığı və Tale Bağırzadənin açıq tipli müəssisədə təxribata çəkilməsi üçün hazırlanmış təxribat olduğunu deməyə əsas verir və əlaqədar təşkilatlar tərəfindən öz həllini tapana qədər MBH Tale Bağırzadənin aclıq aksiyasında olmasını yeganə çıxış yolu hesab edir.
MBH İdarə Heyəti.
09.12.2022.