MBH-nin fəal üzvü saxlanıldı; ailəsinə təzyiqlər davam edir

Dünən axşam saatlarında Müsəlman Birliyi Hərəkatının fəal üzvü, Biləcəri qəsəbə sakini Hüseynov Ağaəli yaşadığı ünvanda bir neçə mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılıb. 

Hələlik Hüseynov Ağaəlinin hansı səbəbdən saxlanıldığı barədə heç bir rəsmi məlumat verilməyib. Valideynlərinin verdiyi məlumata əsasən, Ağaəli öz siyasi fəaliyyətinə görə dəfələrlə dövlət orqanları tərəfindən həbslərə və təzyiqlərə məruz qaldığı üçün 21.02.2017 tarixində ölkə ərazisini məcburi olaraq tərk etmişdi. 

Həmçinin Ağaəlinin atası, Hüseynov Mehman qeyd edib ki, oğlu ölkə ərazisini tərk etdikdən sonra polis əməkdaşları onların yaşadığı ünvana gələrək Ağaəlinin harada olduğunu soruşub və təcili olaraq getdiyi yerdən geri qayıtmağını tələb ediblər. Əks halda H. Ağaəli ölkəyə geri dönənə qədər atası, Hüseynov Mehmanı həbsdə saxlayacaqlarını bildirərək hədə-qorxu gəliblər. 

Ağaəlinin atası bildirib ki, dəfələrlə onun özünü polis idarəsinə qanunsuz apararaq sorğu-sual edib, bir müddət polis idarəsində saxlayıblar.