MAQATE rəhbəri ABŞ-a səfərində İranın Kərəc nüvə müəssisəsi haqda narahatlığını bildirib

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın bir nüvə müəssisəsində kameraların quraşdırılması və görüntülərin əldə edilməməsi ilə bağlı narahatlığını ABŞ tərəfinə çatdırıb.

SalamNews xarici mətbuata istinadla xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossi bunu ABŞ səfərində dövlət katibi Antonio Blinkenlə görüşü zamanı deyib.

O bildirib ki, İran Kərəcdə yerləşən bir istehsal müəssisəsində kameraların quraşdırılması və buradakı görüntülərin əldə edilməsinə icazə verməyib. O bu zəmində narahatlığını qarşı tərəfə bildirib.

Qeyd edək ki, bundan öncə İran Atom Enerjisi Təşkilatının sədri Behruz Kamalvəndi Kərəc şəhristanında olan nüvə obyektinə kameraların quraşdırılmasının anlaşmadan kənar olduğunu bildirib.

Behruz Kamalvəndinin sözlərinə görə İranla Beynəlxalq Atom Eenerjisi Agentliyi arasında əldə edilən anlaşmaya əsasən Kərəc təsisatlarında kameraların quraşdırılması tələb edilə bilməz.

Behruz Kamalvəndinin sözlərinə görə son ildə İranın nüvə və ona tabe olan təsisatları üç dəfə təxribata məruz qalıb və BAEA bu təxribatlarla bağlı mövqe bildirməyib.

İran rəsmisi nüvə təsisatlarında uranın zənginləşdirilməsi işlərinin 60 faiz dərəcəsində davam etdiyini bildirib.

Xatırladaq ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Sazişdə qalan Avropa dövlətləri neftin satışı və maliyyə köçürmələrilə bağlı İrana verdikləri vədə əməl edə bilmədikdən sonra rəsmi Tehran da sazişdə olan öhdəliklərini tədricən azaltmağa başlayıb. Ötən ildə İranın Nətənz nüvə obyektinə qarşı təxribat və bir nüvə aliminin terror edilməsindən sonra İran sazişdə olan öhdəliklərini daha da azaldıb və uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə başlayacağını, nüvə obyektlərində olan kameraların çəkilişlərini məhdudlaşdırdığını və sair addımları atdığını bildirib.