Əliyev və Volodin Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakter daşıdığını təsdiq ediblər

Operativ.tv Turan-a istinadən xəbər verir ki, bazar ertəsi prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodini qəbul edib.

Əliyev qeyd edib ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri sürətlə inkişaf edib. Onun sözlərinə görə, "Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlanıb".

"Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır", deyə Əliyev bildirib.

"Razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir", deyə o qeyd edib.

Bundan başqa, o vurğulayıb ki, regional təhlükəsizlik məsələləri həmişə ikitərəfli münasibətlərin gündəliyindədir.

"Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq", deyə Əliyev bildirib.

Volodin öz növbəsində qeyd edib ki, bu il imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə "həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir".

"Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək", deyə Volodin qeyd edib.