"Əlimizdə faktlar var, işi Avropa Məhkəməsinə qədər aparacağıq"

"Əlimizdə ən azı 15 məntəqəni ləğv etdirəcək sübut var. Amma Məzahir Pənahov dedi ki, hər şey qaydasında olub”.
 
Bu sözləri 9 fevral parlament seçkilərində deputatlığa namizəd olmuş Toğrul İsmayılov deyib. 
 
21 saylı Nəsimi birinci seçki dairəsində namizədliyini irəli sürən T. İsmayılov Toplum Tv-yə seçkinin qeyri-şəffaf keçdiyini söyləyib.
 
Onun sözlərinə görə, məntəqələrin əksəriyyətində ciddi qanun pozuntuları olub: "Bizə bildirdilər ki, məhkəməyə müraciət edək. Heç bir məntəqə ləğv olunmadı. Əlimizdə sübutlar varkən dəlillərin əsassız olduğunu deyirlər. Amma təbii ki, bu, yalandır. Çünki heç bir araşdırma aparılmayıb. Bu da onu göstərir ki, tez-bazar şikayəti bağlayıb, öz istədiklərini seçmək istəyirlər”.
 
"Mübarizəm hələ sona çatmayıb. Şikayətimiz təmin olunmadığı təqdirdə apelyasiya məhkəməsinə, burdan da nəticə olmasa, AİHM-ə qədər getmək fikrindəyəm”, - deyə T.İsmayılov bildirib.
 
Parlament seçkilərindən bu yana 12 seçki məntəqəsi (80,74,35,33,18 38,1,4,6,31,20,26) ləğv edilib. Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.
 
Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır. 
 
Qanunvericiliyin tələbinə əsasən, dairə üzrə ümumi məntəqə sayının 2/5-dən çoxunda seçkilərin nəticələri ləğv olunursa, bu halda həmin 2/5-dən artıq məntəqədə dairə üzrə ümumi seçicilərin 25%-dən çoxu yaşayırsa, o halda dairə üzrə nəticələr ləğv olunmalıdır.