Əli Kərimlidən müsahibə alan jurnalist döyülüb

"Azad Söz" internet kanalı ilə əməkdaşlıq edən reportyor Teymur Kərimov aprelin 20-də döyülüb. O, gündüz həmkarı ilə birlikdə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin evində siyasətçi ilə müsahibəni videoya çəkib. 15:30-da binadan çıxarkən 99 MA 741 dövlət nömrə nişanlı qara avtomobil onların arxasınca düşüb.

Reportyorlar müxalifətçi Tofiq Yaqublunun işi üzrə prosesin keçirildiyi Apellyasiya Məhkəməsinə yola düşüblər. İçərisində bir neçə nəfər olan avtomobil də buraya gəlib. Jurnalistlər maşının içərisindəki şəxslərin onların şəklini çəkdiyini görüblər. Bunu məhkəmə binası qarşısında olan digər jurnalistlər də görüblər.

"Məhkəmədən qayıtdıqdan sonra 9-cu sahədən (şəhərətrafı qəsəbələrdən biri - red.) bir qadın mənə zəng edərək, ağır vəziyyətləri barədə reportaj hazırlamağımı xahiş etdi. Mən oraya gəldikdə isə iki maşınla 4 nəfər gəldi və orada çəkiliş aparmamağı tələb etdilər. Mətbuat işçisi olduğumu bildirdim, amma onlar çıxıb getməyi əmr etdilər, imtina etdikdə isə məni döyməyə başladılar və kameramı və noutbukumu əlimdən aldılar. Onlar kameranı sındırıb içərisində Əli Kərimli ilə müsahibə olan kartı götürdülər.

Bu insanların kim olduğunu dəqiq bilmirəm, amma mənə hücum faktı ilə bağlı bu gün məhkəməyə şikayət verəcəyəm", deyə Tural Kərimli Turan agentliyinə bildirib.

"Azad Söz" internet resursu bir neçə il əvvəl Avropada siyasi sığınacaq almış siyasi mühacir Tural Sadıqlı tərəfindən təsis edilib. Sadıqlı özü və onun kanalı Azərbaycan hökumətinin tənqidçisi kimi məşhurdur.

turan.az