Əli İnsanov haqqında çıxan xəbərləri təkzib etdi

Keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev aprelin 4-də 11 saylı cəzaçəkmə müəssisəsindəmüvəkkili ilə görüşüb. Bu barədə“Azadliq.info”ya məlumat verən müdafiəçi bildirib ki, keçmiş nazirin sağlı durumu yaxşıdır.

“Səhhətində heç bir problem yoxdur. Mütəmadi olaraq, idmanla məşğuldur. Özünü gümrah hiss edir”, – deyə Toğrul Babayev bildirib.

Qeyd edək ki, bugünlərdə Əli İnsanovun səhhətində problemlər olması, onun tibbi müəssisəyə köçürülməsə də, özünün özünü müalicə etməsi haqda məlumatlar yayılmışdı.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs olunub. Əvvəlcə ona vəzifə cinayətləri ilə 11 il həbs cəzası verilib. Bu cəzanın başa çatmasına 56 gün qalmış Qaradağ Rayon Prokurorluğunda onun barəsində yeni cinayət işi başlanıb. O dövrdə olduğu 12 saylı cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərmanlar saxlamaqda, onları aşkar edən əməkdaşa qarşı zor tətbiq edib, ona kəllə-beyin travması yetirməkdə, müəssisənin daxili intizam qaydalarını pozmaqda təqsirləndirilən 70 yaşlı İnsanova bu dəfə 7 il həbs cəzası verilib. Onun haqqındakı bu hökmdən Avropa Məhkəməsinə şikayət göndərilib.

Ə.İnsanov özünü təqsirli bilmir və haqqındakı yeni cinayət işinin də, ittihamların da saxta olduğunu bildirib. Məqsəd isə onun həbsdən çıxmasına imkan verməməkdir. Ə.İnsanov sifarişin şəxsən prezidentdən gəldiyini hesab edir.