Əli Abbasov əfv olundu

Yüksək vəzifəli şəxslərin telefon danışıqlarının dinlənməsində günahlandırılan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasında vəzifəyə təyin edilib. 

AMEA-nın Rəyasət Heyətinin yanvarın 22-də keçirilən iclası zamanı Ə.Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.   

Ə.Abbasov 2004-cü ildən 2014-cü ilə qədər rabitə və informasiya texnologiyaları naziri, 2014-2015-ci illərdə isə rabitə və yüksək texnologiyalar naziri olub. 

O, 2015-ci ildə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlbir olmaqda günahlandırılırdı. E.Mahmudov qanunsuz olaraq yüksək çinli məmurların telefonlarını dinlətdirməkdə və ayrı-ayrı sahibkarlardan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət tələb etməkdə təqsirli bilinirdi. Həmçinin iddia edilirdi ki, keçmiş MTN hansısa vəzifəli şəxsin telefon danışıqlarını dinlətdirirsə, bundan rabitə nazirinin də xəbəri olmalı idi.

Həmin vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs olunublar. Bu məmurların həbsi MTN-in sabiq rəhbəri E.Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirildiyi deyilirdi. Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ə.Abbasov da  dindirilmişdi. Nazir oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılmış və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat sorğu-sual olunmuşdu.