Levon Ter-Petrosyan: "Erməni xalqı müharibənin başa çatdığını qəbul etməlidir"

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan erməni xalqına müraciət edib. O, müraciətində xalqın müharibənin başa çatmasını artıq reallıq kimi qəbul etməli olduğunu deyib ("Luir.am", 13 noyabr).
 
"Aydındır ki, biz mövcud hakimiyyət uğrunda mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Müxalif düşərgələrdən hansısa birinin bu problemi həll etməsindən asılı olmayaraq, biz yalnız vətəndaş müharibəsindən yayınmağın və mövcud böhrandan yalnız konstitusiya yolu ilə çıxmağın tərəfdarıyıq. Əlbəttə, ən çox arzu olunan variant iki tərəf arasında razılığın əldə olunmasıdır", - keçmiş prezident bildirib. 
 
Onun sözlərinə görə, bundan sonra Ermənistan reallığı qəbul etməli və Dağlıq Qarabağın son həll prosesi üçün hazır olmalıdır:
 
"Rusiya-Azərbaycan-Ermənistanın üçtərəfli razılığına gəldikdə isə, ən azından müharibənin bitdiyini və bundan sonra itkilərin olmayacağını vacib bir reallıq kimi qəbul etmək lazımdır. Razılaşmanın həyata keçirilməsi və Qarabağ probleminin son həll prosesi yaxın gələcəkdə baş verəcək məsələdir, Ermənistan buna bütün ciddiyyəti ilə hazır olmalıdır”.