Əlcəzirə telekanalının müxbiri İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirib

Əlcəzirə telekanalının Fələstin üzrə müxbiri Şirin Əbu-Aqilə İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirib.

SalamNews Əlcəzirə telekanalına istinadən xəbər verir ki, tanınmış müxbir İsrail qüvvələrinin Cenin şəhərinə basqını zamanı peşə öhdəliyini yerinə yetirərkən işğalçı qüvvələrin atəşinə tuş gəlib.

Bundan öncə Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, Şirin Əbu-Aqilə İsrail qüvvələrinin odlu silahından açdığı atəş nəticəsində başından ağır yaralanıb.

Az sonra onun ölüm xəbəri gəlib.

Bu hücum əsnasında peşə borcunu yerinə yetirən Əlcəzirənin digər əməkdaşı jurnalist Əli Əs-Sumudi də yaralanıb.

İsrail qüvvələri bir aydan çoxdur ki, işğal edilmiş İordan çayının Qərb sahilindəki Cenin şəhərinə və buradakı düşərgəyə intensiv basqın edərək, həbslər həyata keçirir.