Lapşin Bakıya qarşı: Avropa İnsan Haqları Məhkəməsi qərarı qüvvədə saxladı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) blogger və jurnalist Aleksandr Lapşinin qanunsuz olaraq həbs edilməsi, Bakı həbsxanasında ona işgəncə verilməsi və öldürülməsinə cəhddə bu ölkə hökumətini təqsirli bilərək Azərbaycanın 21 may 2021-ci il tarixli qərarı ilə bağlı apellyasiya şikayətini rədd edib.
Operativ.tv-nin Euronews-ə istinadən yaydığı məlumata görə AİHM əvvəlki qərarı dəyişməz olaraq qüvvədə saxlayıb və Bakının yenidən Lapşinə 30.000 avro məbləğində təzminat ödəməsini istəyib.
Rus-israilli blogger Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın tələbi ilə Minskdə saxlanılıb. İki ay yerli həbsxanada qalan blogger daha sonra prezident Aleksandr Lukaşenkonun şəxsi göstərişi ilə Belarus xüsusi təyyarəsi ilə Bakıya göndərilib.
Azərbaycan hakimiyyəti 2011-ci ildən 2016-cı ilədək Qarabağ ərazisinə dəfələrlə səfərlərini nəzərdə tutaraq bloggeri sərhədi qanunsuz keçməkdə və ölkənin ərazi bütövlüyünə təcavüz etməkdə günahlandırıb.
Məhkəmədə Lapşin, bütün səfərlərinin turistik xarakter daşıdığını iddia edərək özünü təqsirli bilməyib. Onun sözlərinə görə, dünyanın 150-dən çox ölkəsini gəzib və beynəlxalq axtarışda ola biləcəyini ağlına belə gətirməyib. Amma blogger təkcə "Azərbaycan hakimiyyətinin razılığı olmadan sərhədi keçməkdə" deyil, həm də "separatçılığı dəstəkləməkdə" və "Azərbaycanda mövcud hakimiyyəti devirməkdə cəhddə" ittiham olunurdu. Bakı məhkəməsi onu "Qarabağa qanunsuz səfər etməkdə" təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib.
Aleksandr Lapşin İsrail, Rusiya, ABŞ və Avropa Birliyinin müraciətlərinə baxmayaraq 7 ay həbsdə qalıb. Onun sözlərinə görə, həbsxanada ona işgəncə verilmiş, telefondan istifadə etmək və yazmaq qadağan edilmiş və müsəlman olmasa da yalnız Quranın oxunmasına icazə verilmişdir.
Blogger iddia edir ki, mühafizəçilər onu həbsxanada öldürməyə çalışıblar və Azərbaycan hakimiyyəti daha sonra bu hadisəni intihara cəhd kimi təqdim edib. Dörd gün komada qalan Lapşin daha sonra Prezident Əliyev tərəfindən əfv edilib və Təl-Əvivə göndərilib.