Külək damları uçurdu, maşınları zədələdi - Ziyanı kim ödəyəcək?

Külək damları uçurdu, maşınları zədələdi - Ziyanı kim ödəyəcək?

Xəbər verdiyimiz kimi, dünən baş verən güclü külək bir neçə mənzilin dam örtüyünü uçurub, 10-a yaxın avtomobilin üzərinə isə ağac və ya budaqları aşdığı üçün zərər dəyib. 

Bəs bu kimi təbiət hadisələri zamanı vətəndaşa dəymiş zərər hansı qurum tərəfindən ödənilməlidir?

Sığorta eksperti, vəkil Tural Şükürov “Qafqazinfo”ya bildirib ki, əgər qasırğa, tufan, fırtına, dolu kimi təbiət hadisəsi baş verərsə, mənzillərə dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilməlidir. Yox əgər mənzil sığortalanmayıbsa, qarşısıalınmaz qüvvə tərəfindən yaranmış proseslərdə ödənişi yalnız dövlət edə bilər: 

 

“Hazırda bizdə hökumətin tərkibində fövqəladə komissiya var. Komissiya fəlakət zamanı hadisələri dəyərləndirir və büdcədən müəyyən vəsait ayrılır. Ancaq bu, dövlətin öhdəliyi deyil. Sadəcə siyasətinin nəticəsidir. 

Dövlət bu kimi hallar üçün sığorta mexanizmləri yaradıb. İcbari sığortalar haqqında qanun qəbul olunub. Adından da göründüyü kimi, dövlət vətəndaşları məcbur edir ki, sığorta olunsun və bu kimi hallarda sığorta şirkətləri dəymiş zərəri qarşılasın. Amma burada bir problem var ki, sığorta şirkətləri icbari sığortanı öz mexanizmi hesab edirlər. Belə ki, şirkətlər qəzalı və qeyri-qanuni tikili olmamaq şərti ilə müraciət etmiş vətəndaşların mənzillərini sığortalamaqdan imtina edə bilməz. Faktiki olaraq, bu gün imtina edirlər. Qanunlar var, ancaq mexanizm tam olaraq işləmir.

Kasko sığortası olan nəqliyyat vasitələrinin sahibləri təbii fəlakət nəticəsində dəymiş zərərin qarşılığını sığorta şirkətindən almalıdır. Ancaq əfsuslar olsun ki, ölkədə ümumi nəqliyyat vasitələrinin heç 10%-i kasko sığortalı deyil. Nəqliyyatın icbari sığortası da onlara bu kimi hadisələrlə bağlı təminat vermir”.

Facebook