Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da baş tutacaq.

Bildirilib ki, V. Putin, İ. Əliyev və N. Paşinyan Soçi görüşü zamanı Qarabağda dinc həyatın qaydaya salınması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı gələcək addımları müəyyənləşdirəcəklər.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.