“Körpələr yeməyə nəsə istəyəndə, məhv oluram”

Zabrat sakini: “Məni bu dəqiqə maraqlandıran uşaqlarımın qarnının ac olmasıdır”

“Övladlarım meyvənin, ətin dadını unudublar. Heç kim fikirləşmir ki, bu dörd uşaq nə yeyir, nə içir. Ailə başçısı övladlarını necə dolandırır...”

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində kirayə yaşayan Mədətovlar ailəsində heç kim işləmir. Canəli Mədətov əvvəllər günəmuzd iş tapa bilirdisə, karantin günlərində evdə qalmağa məcburdur. Şikayətçi deyir ki, nəticədə ailəsi ac-yalavac qalıb:

“Pandemiyadan əvvəl də günü-günə zorla calayıb yaşayırdıq. Bir gün iş olanda, beş gün olmurdu. Səhərdən-axşamadək zülm-müsibətlə qəpik-quruşa işləyirdim ki, uşaqlara yavan çörək də olsa, alıb gətirim. İndi vəziyyət daha da ağırlaşıb. Karantin bizi yerli-dibli məhv elədi. Səhər açılır, uşaqlar yuxudan oyanır, amma mən oyanmaq istəmirəm. Ailədə altı nəfərik, dördü azyaşlıdır. Yaşayış şəraitimiz pisdir, kirayə qaldığımız ev dörd divardan və televizorla divandan ibarətdir. Şəraitsizliyə birtəhər dözmək olur. Yaşları azdır, ürəkləri nəsə istəyir. Necə deyəsən ki, pul yoxdur. Körpələr yeməyə nəsə istəyəndə, məhv oluram”.

Ailənin xanımı Sevil Mədətova deyir ki, həyat yoldaşı hara zəng edirsə iş tapa bilmir. Söyləyir ki, karantin elan olunsa da, insanların qeydinə qalmırlar:

“Ustalarla əlaqə saxlayır. Biri deyir ki, qışdır, iş dayanıb, digəri pandemiyaya görə tikintinin dayandığını söyləyir. Yaxşı, bu uşaqları necə başa salaq ki, iş yoxdur? Altı aydan çoxdur ki, bir qarnı ac, bir qarnı tox yaşayırıq. Məni bu dəqiqə maraqlandıran uşaqlarımın qarnının ac olmasıdır. Belə yaşayış olmaz. Qəpik-quruşla dolanmaq olmur. Bilmirəm kirayə pulunu verim, yoxsa uşaqların qarnını doyurum. Ya da işığın, qazın pulunu ödəyim. Kirayəpulu 160 manatdır. Evin döşəməsi sementdir, üzərinə linoleum çəkilib. Cəhənnəm, rezinin üstündə də yatmaq olar. Əsas uşaqların qarnı, əyni-başıdır. Bu dəqiqə uşağımın ayağında corabı yoxdur”.

 

Siyəzən rayonunun Dağ Quşçu kəndindən olan Sevil Mədətova İmişli rayonunun Çaxırlı kəndinə gəlin köçüb. Bir müddət kənddə yaşayan ailə işsizlik ucbatından Bakıya gəlib:

“Doqquz ildir Zabratda yaşayırıq. Yoldaşım işləyən dövrlərdə gündəlik 12-13 manat qazana bilirdi. Ən azından uşaqların yeməyi olurdu. Mart ayı başlayandan düz-əməlli işləmir. Ölkədə pandemiya ilə əlaqədar karantin tətbiq olunandan sonra çox çətinlik çəkirik. İki aydır ki, kirayə pulunu zülmlə düzəldirik. Bir çörəyi alanda, ikincinin pulunu üst-üstə yığırıq ki, evin kirayəsini verək. Bundan öncəki ay evin kirayəsindən ancaq 100 manat verə bildik, 60 manat borclu qaldıq. Bu ayın da ödəniş vaxtı yaxınlaşır, nə edəcəyimi bilmirəm. Ev yiyəsi də iki gündən artıq gözləmir. Hələ bir az uşaqlara rəhmi gəlir. Mənə deyir ki, kirayə istəyən çoxdur. Aybaay pulunu verən adamlar var. Yoldaşım əvvəllər tutaq ki, işləyib, 100 manat alırdı. Onun 30 manatını ayırıb, kirayəyə saxlayırdım. Qalanını da çörəyə, kartof-soğana verirdik. Yəni bunları ala bilirdik. Artıq altı-yeddi aya yaxındır ki, bunu da edə bilmirik. Bu neçə ayda yaşadıqlarımızı, çəkdiyimiz əziyyəti heç kimə arzu etmirəm. Təsəvvür edin, ayağımın ayaqqabısı yoxdur ki, geyinib, dükana gedib, çörək alım. Allahın bir şampunu yoxdur ki, bu uşaqların saçlarını yuyum. Dükanlardan nisyə mal almaqdan xəcalət çəkirik”.

Sevil Mədətova deyir ki, səhhətində ciddi problemləri olsa da, imkansızlıqdan həkimə gedə bilmir: