Koronavirus Azərbaycanda qiymətlərə necə təsir etdi?

Azərbaycan ərazisində elan olunmuş xüsusi karantin şəraitinə görə insanların nəqliyyat vasitələrindən istifadəsinə məhdudiyyətlər qoyulub.
 
Gediş-gəliş məhdud olduğundan sərnişindaşıma ilə məşğul olan vasitələrin qiymətində dəyişiklik müşahidə olunur. İnsanlar qiymətlərin hədsiz baha olmağından narazıdırlar.
 
Taksi fəaliyyəti göstərən sürücülər isə qiymətlərin qalxmasını belə əsaslandırır: "Karantindən əvvəl hər gün Bakı və rayonlara aparmaq üçün adam olurdu. İndi isə karantin olduğundan kimsə evindən çıxmır. Biz də məcbur olub, işləmədiyimiz günlərin pulunu beləcə çıxarırıq”.
 
Pandemiyadan əvvəl  ən ucuz başa gələn sərnişindaşıma vasitəsi avtobuslar hesab olunurdu. Belə ki, Bakı Beynalxaq Avtovağzalın təklif etdiyi qiymətlər 3-12 manat arasında dəyişirdi.
 
Bölgələr üzrə fəaliyyət göstərən avtobuslar  məsafənin uzunluğundan asılı olaraq ən ucuz qiymətə Siyəzənə ( 2,40 Azn), ən baha qiymətə isə Ağsatafaya (12 Azn) sərnişin daşıyırdı.
Bundan əlavə, alternativ marşurut kimi taksilər də sərnişindaşıma işi ilə məşğuldur. Ancaq taksilərin təklif etdiyi qiymət standart və sabit deyil. Məsələn, avtobus Zərdaba 6,40 Azn apardığı halda, taksilərin təklif etdiyi qiymət 10-15 manat arasında dəyişirdi. Xüsusi hallarda, bayram günlərində, pandemiya şəratində bu qiymət 40 AZN-a kimi yüksəlir. 
 
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov məsələ ilə bağlı Toplum.tv-yə danışıb.
 
O, mövcud vəziyyətin tənzimlənməsinin bir az  qəliz olduğunu deyir. Ölkə ərazində pandemiya səbəbindən karantin mövcud olduğundan şəhərlərarası daşınmada daha ucuz başa gələn avtobusdan istifadə olunmur. 
 
Bununla belə, alternativ daşıma vasitələrinin də olduğu məlumdur. Avtobusların olmamasından istifadə edən taksilər xüsusi maraqlıdırlar ki, mövcud şəraitdə daha çox qazansınlar: "Təəssüfləndirci hal ondadır ki, indi insanlar daha çox həmrəy olmaları, sosial məsuliyyətlərə riayət etməli olduğu halda mənfəət dalınca qaçırlar”.
 
Ekspertin fikrincə, ən optimal yol ictimai qınaqdır: "Mətbuatın, kütləvi informasiya vasitələrinin münasibəti o səbəbdən vacibdir ki, süni yola qazanclarını artıran insanalar bundan daşınsınlar". 
 
Ekspert söyləyir ki, buna inzibati yola nəzarət etmək çətindir: çünki bazar iqtisadiyyatı şəraitində başqa qanunlar işləyir: "Düzdür, təklif var ki, avtobusların marşurutu xüsusi nəzarətlə bərpa edilsin. Belə olduğu şəraitdə o şəxslər məcbur olacaqlar ki, süni şəkildə qaldırdıqları  qiyməti korreksiya etsinlər. Ancaq hazırki təklif pandemiyanın daha çox yayılması səbəbindən bir alternativ fikir olaraq qalır”.
 
Onun sözlərinə görə, Bakıda avtobuslar məhdud da olsa, fəaliyyət göstərir: "İnsanlar arasında sosial məsafə gözlənilir, bəzi önləyici tədbirlər alınır. Ancaq bölgələrə sərnişin daşıyan avtobuslarda sosial məsafə prinsipinin tətbiq olunması və bu işə nəzarət mürəkkəbdir. Əvvəllər bir avtobus 50 nəfər daşıyırdısa, ən azından indi bu rəqəm 20-25-dən çox olmalı deyil".
 
Ekspert hazırda bu məsələni tənzimləmək üçün ən optimal yolun, informasiya vasitələrinin problemi qabardıb, ona münasibət göstərməsində görür. Hesab edir ki, bu zaman problemi tam olmasa da, miqyasını bir az azaltmaq olar.
 
"Fikrimcə, qiymət məsələsinə təsir edəcək yollar barədə aidiyyati strukturlar fikirləşməlidir ki, bu yaranmış vəziyyətdən vətəndaşlarımız əziyyət çəkməsinlər”, - deyə o bildirir.