Konqres Co Baydeni ABŞ prezidenti kimi rəsmən təsdiq etdi

ABŞ Konqresi etirazlar və iğtişaşlar fonunda Co Baydeni ölkənin yeni prezidenti kimi rəsmən təsdiq edib.

Bu barədə məlumatı yanvarın 7-də CNN verib.

Məlumata görə, Demokratların namizədi Co Bayden kollegiya səslərinin 270-ni alıb.

Konqresin iclası 10 saat davam edib. Bu, onun tarixdəki ən uzun iclaslarından biri kimi yadda qalıb.

Hazırda fəaliyyətdə olan prezident Donald Tramp isə bugünkü açıqlamasında hakimiyyəti dinc yolla ötürəcəyini bəyan edib.

"Mən seçkilərin nəticələriylə, mənim kənarda qoyulmağım faktıyla heç bir halda razılaşmasam da, yanvarın 20-də hakimiyyətin dinc yolla ötürülməsinə dair əmr verəcəm", - Tramp açıqlamasında deyib.

Yanvarın 6-da Vaşinqtonda Konqres qarşısında etiraz aksiyası keçirən Donald Tramp tərəfdarları bir müddət sonra binaya daxil olublar və Senatın zalını mühasirəyə alıblar. Co Baydenin prezidentliyinin təsdiq olunması üçün toplanan Senat və Nümayəndələr Palatası baş verən qarışıqlığa görə iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Tramp tərəfdarları ilə polisin toqquşması zamanı 4 nəfərin öldüyü, onlarla insanın saxlandığı bildirilib. Paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Donald Tramp 2020-ci ilin noyabrın 3-də keçirilmiş prezident seçkilərində məğlub olmadığını, seçkilərin saxtalaşdırıldığını deyib.