Konqoda 800 məhbus həbsxanadan qaçdı - 2 polis, 1 üsyançı öldü

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Butembodakı Kakvanqura həbsxanasına "Mai-Mai Kata Katanqa" üsyançı qruplaşması hücum edib.

Hücum zamanı üsyançılar 874 məhbusun saxlandığı həbsxananın mühafizə və kamera qapılarını sındıraraq 800-dən çox məhbusun qaçmasına kömək ediblər. Hücum zamanı “Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.

Gedeon Kyunqu Mutanqanın rəhbərlik etdiyi separatçı "Mai-Mai Kata Katanqa" qrupu ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi ölkənin şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub. Silahlı qrupların hücumu nəticəsində minlərlə dinc sakin həyatını itirib.