Köhnə ilin acı xatirələri

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan məktub ünvanlayıb.

Köhnə ilin acı xatirələri

Operativ.tv məktubu olduğu kimi təqdim edir:

"Son 3 ayda çoxlu xoş xəbərlər alsaq da, bu gün nöqsanları da qeyd etmək vacibdir. Keçən ilin sonu, bu ilin əvvəli hakimiyyətdə olan böyük fiqurlar işdan azad edildi. Çoxları köhnə sistemin iş formasında dəyişiklik olacağına inandı.Görünən budur ki, kadrlar dəyişsə də, sistemdə dəyişiklik olmadı. Gənc kadrlar sələflərinin nöqsanlarını görüb dilə gətirdilər. Lakin heç bir yanlışı bir il müddətində düzəltmədilər. Hakimiyyətdə kadr dəyişikliyi olsa da, sistemdə islahlatlar olmadı.Toplananların yerin dəyişəndə cəm dəyişmədiyi kimi haqsızlıqlar da dəyişilməyib. 2020-ci ildə də hicablı xanımların şəxsiyyət vəsiqəsini hicablı şəkillə ala bilmək problemləri həll olunmadı.Əksinə, xalqın sağlamlığını düşünüb şəhərdə pulsuz maska paylayan dindarlar cəzalandırıldı. Aztəminatlı ailələrə ərzaq yardımı etdikləri üçün neçə-neçə insan həbs olundu. Haqqı deyən Əhlibeyt şairi və bir neçə ictimai fəal köhnə qaydayla həbs olunub Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərildilər. Dini ayinlərin icrasını məhdudlaşdırmaq üçün məscidlər bağlandı, məscidlərin həyətində, açıq havada Aşura məclisləri keçirmək qadağan edildi. Lakin izdihamlı formada dəniz istirahətinə şərait yaradıldı. Bir çox belə hadisələr xalqın birliyinə, həmrəylinə xələl gətirir. Halbuki, dindarlar illərdir ki, vətənini və dövlətini canlarından çox sevib, qarşılıqsız qoruyurlar. Hər zaman vətənpərvərliyi təbliğ edirlər. Bu cür ruhiyyədə 44 günlük vətən müharibəsində "Allahu Əkbər", "Ləbbeyk Ya Hüseyn" şüarlarıni deyib irəli getdilər, böyük uğurlu nəticələr əldə etdilər. Özlərini hamıdan daha çox vətənpərvər göstərməyə çalışanlar, ağız dolusu yaltaqlıq edənlər, dırnaqarası məmurlar vətən müharibəsi zamanı şəhid ailələrinə, qazilərə, əsgər ailələrinə baş çəkmədilər, vəziyyətləriylə maraqlanmadılar. İşğal olunmuş torpaqlara simvolik seçilmiş deputatlar ən azından sadə vətəndaşlar kimi əsgərə dəstək verməyə getmədilər. Bizim Xankəndinin deputatı və icra hakimi Araik Arutyunyanın və silahlı dəstələrin əlindən o tərəfə keçə bilmir. Kəlbəcərin Xudavəng monastrında çəkilişə imkan verməyənlər, Xankəndinə də onların ayaq basmasına imkan vermir. Bizim Baş Prokurorluq hələ oktyabrın 11-də Gəncə terroruyla bağlı Araik Arutyunyana cinayət işi açsa da, həbs etməyə qüdrəti çatmadı. Halbuki dünyanın gözü qarşısında bu cani sivil insanlara qarşı böyük cinayətlər etmişdir. İndi bizim ərazilərdən çıxmadan yeni planlar qurur, təzə nazirlər təyin edir, əlisilahlı baş kəsənlərin sinəsinə mədal taxır. Aydın və başa düşüləndir ki, burda polisin gücü günahsız dindarları həbs etməyə çatır. Bəlkə də, dünyanın heç bir yerində olmayan bir şey bizim Azərbaycanda baş verir. 3 QHT sədri heç bir günahları olmadan,10 ildən çoxdur ki həbsxanada yatır. İslam Partiyasının sədri Mövsüm Səmədov, Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Abgül Süleymanov, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin həbsdə haqqı dediklərinə görə saxlanılırlarsa, ən əsas səbəb isə dindar olmaqlarıdır. Xalqın dəyərli din xadimlərinin haqsız yerə həbslərdə saxlanılması hakimiyyətlə dindarlar arasında səmimiyyətin olmamağından irəli gəlmişdir ki, bu da dindarlarla iqtidar arasında uçurumlar yaradır.

Yeni ildə köhnə problemlərin həll olunacağı diləyi ilə.

Abbas Hüseyn
8 saylı CÇM"