“Kəmiyyət” müəllifi ilə müsahibə

 

-İlk növbədə yeni işıq üzü görən “Kəmiyyət” kitabınıza bol oxucu kütləsi arzu edirik. Kəmiyyətin mövzusu qismən adında ehtiva edib. “Kəmiyyətin” diqqəti daha çox nəyə istiqamətlənib?

-Sizə öz dərin minnətdarığımızı bildirərək demək istəyirik ki, Azərbaycanda yazara verdiyiniz dəyər və qiymət xüsusi təqdir olunmalıdır. Bir daha sizə təşəkkür edirik.

ilk öncə diqqətinizi sözün yazılışına çəkmək istərdik. Kitabın adı dırnaq arasında qeyd edildiyi üçün kəmiyyətə xüsusi önəm verilməməsinə işarə edilir. "Kəmiyyətin" əsas predmetini keyfiyyətə və mənəvi ruha əsaslanmaq təşkil edir. Bu kitab bizə demək istəyir ki, sayca az olmağınıza baxmayın və sayca sizdən çox olanlardan çəkinməyin!

Əgər vəzifələrinizə layiqincə əməl etsəz, çoxluğa qarşı müvəffəqiyyət əldə edə bilərsiz.

 

-Bu günün cəmiyyətinin kəmiyyət eşqi keyfiyyəti üstələyir. Nəticənin dəyişməsi üçün yazarlar daha çox nəyə diqqət etməlidir?

-Bu günün cəmiyyəti hal-hazırki dünyanın zehniyyətinə malikdir. Kütlənin də belə düşünməsi üzərində proaktiv iş aparılıb. Yüzlərlə yazıçı qələmlərini beyinlərdə "fırtına " yaratmaq üçün istfadə etməlidirlər. Yazıçı bilməlidir ki, onun qələmi müasir texnoloji üstünlüyə malik olan silahlardan fərqlənmir. Odur ki, o, öz "silahını" cəmiyyətin islahı yolunda xərcləməlidir.

Əlavə olaraq onu da qeyd edim ki, nəticəni dəyişdirmək üçün addım atmalı deyilik. Sadəcə gecə-gündüz fəal, proaktiv olub iş görməliyik və sonda nəticənin dəyişməsinin şahidi olacağıq.

 

-Bu Qığılcımdan sonra sizin ikinci kitabınızdır. Bu iki kitab arasında fikir baxımından bağlılıq varmı?

-Bəli, nəzərdə olan kitab Qığılcım adlı kitabımdan sonra ikinci kitabdır. Mən düşünürəm ki, “Qığılcım” və "Kəmiyyət" fərqli kitablar olsa da, ruhları birdir. Hər ikisində kütləyə, xalqa, cəmiyyətə geniş mesajlar ötürülür. Bu mesajlar faydalı fəaliyyət və adekvat addımlara işarə edərək kimsədən qorxmamağı və addım atıb cəmiyyətdə yaxşılıqlara dəvət etməyi, həmçinin də pisliklərdən çəkinməyi tövsiyə edir.

 

-Kəmiyyət! Oxucu bu kitabı niyə oxumalıdır?

-Ümumiyyətlə oxucu kitab seçərkən diqqətli olmalı və onun mənəvi, maddi dünyasına faydalı ola biləcək əsərlərə meyl etməlidir.

Nəzərə alsaq "Kəmiyyət " bütün xalqın motivasiya və ruhlandırılması üçündür, belə olan halda bunu  oxumaq çox önəmlidir. Ümumiyyətlə "Kəmiyyət" insanları görüntüyə və cəlbedici adlara aldanmamağa təşviq edirsə, niyə də realist və haqpərəst insanlar ondan faydalanmasın?!

Bu kitabda 10 milyon nəfərlik xalqımıza 100 milyon nəfərlik xalqlardan qorxmama mesajını ötürmüşüksə, deməli xalqın bunu oxuması çox önəmlidir.

 

Vəlixan İsmixan 1987-ci il 18 dekabrda Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alır və ardınca Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olur. Hərbi xidmət və ondan sonrakı illərdə mütaliə ilə yaxından məşğul olan Vəlixan, orta göstəriciyə görə ildə 50 kitabdan yuxarı müntəzəm sistematik mütaliə edir. Rus, ingilis dillərində, həmçinin qismən türk dilində danışa bilən yazar yazıya çoxdan maraq göstərsə də, 2019-cu ildən qəti şəkildə qələmi əlinə alır. Hal-hazırda 3 cü kitabı üzərində (Qığılcım, Kəmiyyət) iş aparır. Növbəti hədəfi kütlə qarşısında çıxışlar edib güclü natiq kimi formalaşdırmaqdır.