"KİVDF-nin özü də korrupsiyanı qorumaq üçün yaradılıb"

"Bu gün Azərbaycan mediası çox pis vəziyyətdədir. Bu istiqamətdə hakimiyyət KİVDF-dən kifayət qədər istifadə etdi, KİVDF də hər şeyi etdi ki, yerli media inkişaf etməsin”. 
 
Bunu "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Toplum Tv-yə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) başlanan yoxlamaları şərh edərkən bildirib.
 
 
Baş Prokurorluğun Mətbuat xidməti KİVDF tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması barədə məlumat yayıb.
 
Məlumatda fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilir.
 
Mehman Əliyev bildirir ki, KİVDF-nin yaradılması media cəmiyyətinin təşəbbüsü idi və Azərbaycan mediasının iqtisadi dayaqlarını gücləndirmək istiqamətində cürbəcür proqram və layihələr həyata keçirməli idi: "Əsas məsələ isə ondan ibarət idi ki, ən bacarıqlı media yaşayıb fəaliyyət göstərə bilsin. Təəssüflər olsun ki, hakimiyyətin azad medianı susdurmaq siyasəti, demək olar ki, Azərbaycanda müstəqil medianın qalmamasına gətirib çıxardı. 
 
Mehman Əliyev fondda aparılan yoxlama və cinayət işinin başlanmasının gözlənilməz olduğunu söyləyir. Onun sözlərinə görə, hakimiyyət artıq səhv siyasət apardığını anlayıb: "Mövcud olan hakimiyyət tərəfindən bu addımların atılması gözlənilən deyildi. Hakimiyyət fondun bu formada apardığı siyasətə həmişə dəstək verib. Azərbaycan hakimiyyəti anlamırdı ki, bu cür siyasət çərçivəsində yerli media oxucu üçün maraqlı olmayacaq, sosial şəbəkələr kimi alternativ medialar yaranacaq. Ona görə də, KİVDF-yə tam dəstək verirdi. İndi hökumət anlayır ki, səhv siyasət aparıb. Çünki, əslində, hakimiyyət öz auditoriyasını itirib”.
 
M.Əliyev butün bunların hakimiyyəti qıcıqlandırdığını deyir: "Böyük pullar sərf olunsa da, ortada heç nə yoxdur. Vəziyyətləri yaxşı olsaydı belə bir addım atmazdılar”.
 
Arif Əliyev: "Bəs mediaya vurulan ağır zərbə?”
 
"Mətbuat klubu”nun rəhbəri Arif Əliyev isə Toplum tv-yə açıqlamasında bildirir ki, KİVDF-də aparılan yoxlamalar gözlənilən idi və bununla bağlı səsləndirilən bəyanatlar buna işarə edirdi: "Yeni rəhbərlik gələndə fondda bəzi qanunsuzluqların olması haqqında mətbuata verilən açıqlama və daha sonrakı hesabatlar cinayət işi açılmasını gözlənilən edirdi”. 
 
A.Əliyev fondun başqa məqsədlərlə yarandığını, əsasnaməsində başqa məsələlərin göstərildiyini qeyd edir: "Fond yarandığı ilk günlərdən başqa istiqamətdə fəaliyyət göstərdi. Sadəcə, bəzi adamların cibi şişdi və varlandı. Cinayət işinin açılması ilə o pulları yəqin geri qaytarmaq olacaq. Bəs mediaya vurulan ağır zərbə?”
 
Qulu Məhərrəmli: "KİVDF konkret korporativ maraqlara xidmət edən fəaliyətlərlə məşğul idi. KİVDF-nin fəaliyyətinin bir adı var: ələ almaq.” 
 
 
Media eksperti, professor Qulu Məhərrəmli Toplum tv-yə açıqlamasında  deyir ki, o yerdə ki, nöqsanlar və cinayət əməlləri var, gec-tez ortaya çıxmalıdır: "Azərbaycan elə bir ölkədir ki, burda cinayətin üzə çıxması üçün çox sayda səbəblər olmalıdır. KİVDF-lə bağlı ortaya çıxan məsələlər də, bu halların yaşanmasını zəruri etdi”. 
 
Media eksperti də KİVDF-nin mətbuatın strateji inkişafını həyat keçirməsi və iqtisadi çətinliklərini həll edə bilməsi üçün xoş niyyətlə yaradıldığını qeyd edir. Q.Məhərrəmli əlavə edir: " Amma təəssüf ki, fond praktik fəaliyyətində öhdəsinə düşən məsələlərlə məşğul olmadı və xırda maliyyə maraqlarını önə çıxaran davamlı, mənasız müsabiqələr keçirdi, qəzetlərə pul ayırdı. Belə çıxdı ki, fond sadəcə mövcud media qurumları və qəzetləri maliyyələşdirməklə məşğuldur. Amma əslində isə xaricdə olan bu cür fondlar maliyyə dəstəyi az olan və cəmiyyət üçün vacib olan media qurumlarını maliyyələşdirir. Bunlar azlıqlarla, təhsillə bağlı olan media qurumları olur.Yəni, reklam almayan, amma vacib media qurumlarını maliyyələşdirir. KİVDF isə konkret korporativ maraqlara xidmət edən fəaliyətlərlə məşğul oldu”. 
 
Q.Məhərrəmli jurnalistlərə fond tərəfindən evlərin verilməsini düzgün hesab etmədiyini və dünyanın heç bir ölkəsində belə bir tendensiya olmadığını bildirir. Ekspert sual edir: "KİVDF-dən ev alan jurnalist necə həqiqəti yaza bilər? Onun həqiqəti yazmaq və cəsarətli tənqid edə bilmək imkanı varmı? Ola bilərmi?” 
 
Media eksperti bu məsələləri təhlil etdikdə tərəzinin gözündə jurnalistlərin və mənəvi cəhətdən medianın iflası dayandığını vurğulayır. "Jurnalistlərin həqiqət önündə susması, tənqiddən çəkinməsi mahiyyət etibarı ilə buna xidmət edib və evlərin verilməsi məsələsi qalsa, bu cür də davam edəcək. KİVDF-nin bu cür fəaliyyətinin bir adı var: ələ almaq. Bunlar da mahiyyət etibarı ilə biabırçılıqla yekunlaşdı”,- Q.Məhərrəmli bildirir. 
 
Qulu Məhərrəmli son olaraq bütün yaşanan hadisələr fonunda  medianın bu gün gəldiyi vəziyyəti belə şərh edir: "KİVDF-nin yaradılması, bir mənalı olaraq, Azərbaycan mətbuatını puldan, maliyyə qaynaqlarından asılı etdi. Jurnalistləri diliqısa, redakiyaları ələbaxan duruma saldı. Buna görə də bu gün medianın heç bir təşəbbüsü yoxdur”. 
 
"Korrupsiyanın heç bir mənəvi sərhədi yoxdur"
 
Jurnalist Şahvələd Çobanoğlu Toplum.Tv-yə deyib ki, vurulan kadrların yoxlanılması və cəzalandırılması bizdə qayda halını alıb: "Sanki mafiya prinsipidir. Yoxlama isə həmişə cəzaya yol aça bilir. Çünki yeyinti hər yerdə var. Bura mətbuata bağlıdır deyə, istisna olası deyil. Xalq dili desək, yetimlər evində də oğurlayırlar. Xəstələrə veriləcək dərmanlar belə korrupsiyaya məruz qalır. Korrupsiyanın heç bir mənəvi sərhədi yoxdur. O, mətbuat, kitab, sənət, humanizm, kasıblıq və səfalət tanımır.  Burada maraqlı bir  nüans odur ki, KİVDF özü korrupsiyanı qorumaq üçün düşünülüb. Onun özü qanunsuz qurumdur. İcra hakimiyyətinin mətbuatı bu cür yemləməsi onu ələ almağa, yönləndirməyə, azad mətbuatın məhv edilməsini pərdələməyə yönəlib. Necə deyərlər, timsahın göz yaşlarıdır. Mətbuatı ağır duruma salıb, sonra ona gün ağlayırlar. İcra hakimiyyəti mətbuata yardım edə  bilməz. Ona pul verə bilməz. Bu mətbuat azadlığına ziddir. Rüşvətdir,  jurnalistə ev vermək biabırçı bir hərəkətdir. Bir ölkənin ağır siyasi durumundan xəbər verir". 
 
"KİVDF-nin yaradılmasınin özü cinayətdir. Bəs mətbuata dəstək olurmu xarici ölkələrdə? Bəli, olur. Bu, ona pul verməklə, onun işinə müdaxilə etməklə olmur. Məsələn, Fransada bütün gənclərə və pensiyaçılara bir qəzetə abunə yazılmağa dövlət dəstək verir. Amma adamlar özləri seçir, hansı qəzetə, pulunu dövlət ödəyir. Mətbuatın azad bazarına müdaxilə olmur. İnfrastruktur dəstəkləri elə qurulur ki, nə mətbuat asılı vəziyyətə düşür, nə də ayrı-seçkilik olur. Həm də bu qərarı parlament verir və siyasi hakimiyyətin bu işə qarışacağı olmur. Burada isə prezident fond yaradıb mətbuata səxavət göstərir. Mətbuatın öz funksiyasını yerinə yetirməyə isə bütün imkanlar boğulur. Saytlar bloklanır, qəzetlər boğulur, TV lər ümumiyyətlə yoxdur. Həm deyirlər ölkədə inkişaf var, həm də mətbuata sədəqə paylayırlar. İnkişaf olan ölkədə sahibkarlığın reklama ehtiyacı olur.  O yoxdur, olsa da, azad mətbuata reklam verəni gözüyaşlı qoyarlar. Məqsəd mətbuata dəstək deyil, mətbuatı susdurmaq və azad mətbuata qarşı edilənləri pərdələməkdir. Öyünürlər ki, mətbuata dəstək verirlər. Gerçəkdə isı dəstək mətbuatı yaradırlar", - o bildirib.
 
Xatırlatma
 
Aprelin 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF)  Əhməd İsmayılov yeni icraçı direktoru təyin edilib. Fonda yarandığı vaxtdan, yəni 2009-cu ildən Vüqar Səfərli rəhbərlik edirdi. Bundan sonra fondda yoxlama işləri başlanılıb və keçmiş vəzifəli şəxslərə qarşı cinayət işi açılıb.