KİV: Qərbin anti-Rusiya sanksiyaları Rusiyanın iqtisadi çöküşünə səbəb olmadı

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasına cavab olaraq Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar Rusiya Federasiyasının iqtisadi çöküşünə səbəb olmadı və onu xarici siyasətinə yenidən baxmağa məcbur etmədi.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu fikirlərlə Almaniyanın "Redaktionsnetzwerk Deutschland" (RND) redaksiya birliyi çıxış edib. 

Redaksiyanın məlumatına görə, fevralın 25-də Almaniyanın xarici işlər naziri Annalena Berbok “Aİ-nin ilk sanksiyalar paketinin Rusiyanın dağılmasına gətirib çıxaracağını” iddia etsə də, altı aydan sonra "bunun hələ baş vermədiyini" etiraf etmək lazımdır. 

Bundan əlavə, Qərbin Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirləri onun Ukraynadakı xüsusi əməliyyatını dayandırmaq məqsədinə nail ola bilmədi.

Portal Rusiya hökumətinin rublun çökməsinin qarşısını ala bildiyinə də diqqət çəkib. Artan ixrac gəlirləri və güclü valyuta Rusiyaya “sanksiyaların mənfi təsirlərini nəzarət altında saxlamağa” və iqtisadiyyatda tam şəkildə böhrandan qaçmağa imkan verdi.