Keçmiş “Sovetski” küçəsinin sakinləri Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib

Bu gün, martın 5-də paytaxtın keçmiş “Sovetski” küçəsinin yüzlərlə sakini Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyanın keçirlməsinə 2014-cü ildə evlərindən köçürülən sakinlərin illərdir ədalətli kompensasiya ala bilməməsi səbəb olub. 

Sakinlər illərdir müxtəlif dövlət qurumlarına müraciətlər edib və aksiyalar keçirib, lakin şikayətlərinə baxılmır.

Etirazçılardan biri deyib ki, evlərinin qanunsuz söküntüsündə iştirak edən məmurlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Sakinlər Milli Məclisin sədri Sahibə Qafarovaya da bu barədə müraciət ünvanladıqlarını bildiriblər.  

“Biz Milli Məclisin sədrindən deputatlardan ibarət komissiya yaradılmasını, qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyində, Yasamal rayon İcra Hakimiyyətində araşdırma aparılmasını xahiş etmişik”, deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə deyib ki, evlərinin sökülməsi müqabilində ödənilən 28-38 min manat kompensasiya reallığı əks etdirmir.

“Bu kompensasiya ilə ev almaq mümkün deyil”, deyə o qeyd edib.

Deputatlardan Elnur Allahverdiyev və Erkin Qədirli etirazçılarla görüşüb, sakinlərin problemləri ilə məşğul olacaqları barədə vədlər veriblər.

Polis aksiyanı dağıdıb, sakinlər avtobuslara mindirilərək Milli Məclisin binasının qarşısından uzaqlaşdırlıb.

Bundan sonra, sakinlər yenidən İqtisadiyyat Nazirliyinin qarşısında etiraz edib. Nazirliyin əməkdaşları 3 nəfər erirazçını qəbul ediblər.

Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanılıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən sökülüb.

İkinci mərhələdə isə 1 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işləri təqribən 13 hektar ərazini əhatə edib.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrat metrə 1500 manat ödənilib) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr olub. Onlar müxtəlif dövrlərdə aksiyalar keçiriblər. Bununla bağlı bir sıra şikayətlər artıq Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.