Kafe və restoranlar: “Günə güclə 5 nəfər gəlir, ya gəlmir”

"Əvvəllər yüz nəfər gəlirdisə, indi günə güclə beş nəfər gəlir, ya gəlmir”.

Bu sözləri Toplum Tv-yə Bakıdakı "Sultan Food” kafesindən bildiriblər.

İşçinin sözlərinə görə, kafenin iş vaxtının azaldılması obyektə böyük ziyan vurur, vəziyyəti çətinləşdirir: "İşçilərin sayı azaldıldı. Alver yoxdur deyə obyekt minusa gedir. İşıq pulu, kommunal gəlir, onu da ödmək olmur. Müdiriyyət öz cibindən ödəyir hamısının pulunu – işıq, qaz, arenda”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatına görə kafe, restoran, çayxana, internet klubları və digər ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

Həmişə insanlarla dolu olan kafelər, restoranların qapısı indi günün böyük hissəsi müştərilərə bağlıdır.

İş saatının azaldılması təkcə kiçik iaşə müəssisələrinə deyil, həmçinin böyük restoranlara da mənfi təsir göstərir.

"Borani Restaurant”ın inzibatçısının sözlərinə görə, iş saatının azaldılması müştərilərin də azalmasına səbəb olub.

Buna baxmayaraq restoran rəhbərliyi işçilərini ixtisara salmadığını bildirir: "İş saatını azaltmışıq, amma işçi sayını azaltmamışıq. Əmək haqqının necə veriləcəyi barədə məlumat verə bilməyəcəm. Maliyyə baxıb nə deyəcəksə, ona uyğun edəcəyik”.

İqtisadçı Toğrul Maşallının sözlərinə görə kafe və restoranlarda işçilər ixtisar olunmamalıdır: "Hökumət elan edib ki, işçi müqavilələri dayandırılmamalıdır, yəni işçiləri heç bir halda heç kim ixtisar etməməlidir. Amma məsələ ondadır ki, Azərbaycanda bir sıra işçilər, məsələn, ofisiantlar bir çox hallarda xidmət müqaviləsi ilə işləyirlər. Yəni, rəsmi olaraq onların işçi müqaviləsi yoxdur. Ona görə də ofisiantlar işsiz qalırlar”.