Jurnalistin azadlığı Ata Abdullayevə görə məhdudlaşdırıla bilər

Bloger ittihamçının dediyi cəza ilə razılaşmır

“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilə bilər. İyunun 18-də Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı onun belə cəzalandırılmasını istəyib.

Bu məhkəmə prosesi sosial mediada adətən hökuməti tərifləyib, müxalifət nümayəndələrinin ünvanına təhqiramiz ifadələr səsləndirən bloger Ata Abdullayevin şikayəti əsasında başlanan cinayət işi üzrə keçirilir. T.Mirələmli fevralın 26-da Xocalı faciəsinin ildönümündə “Ana harayı” abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

İyunun 18-də keçirilən məhkəmədə şahid qismində dindirilən Gülnarə Rəhimova bildirib ki, fevralın 26-da T.Mirələmli ilə A.Abdullayev arasında insidentin şahidi olub. Amma həmin vaxt T.Mirələmli A.Abdullayevi nə vurub, nə də təhqir edib.

Şahidin bu ifadəsi A.Abdullayevin etirazına səbəb olub. O, G.Rəhimovanın ünvanına təhqiramiz ifadələr səsləndirib. Nəticədə onunla şahid arasında mübahisə yaranıb.

T.Mirələmli də təqsirləndirilən şəxs qismində ifadə verib. O, ittihamı qəbul etməyib: “Təxribata çəkməyə çalışırdı, təhqiramiz ifadələr işlədirdi. Yaxınlaşıb ona dedim ki, bu cür hərəkətlərə son qoysun”.

T.Mirələmli məhkəmənin hazırlıq iclasında qaldırdığı vəsatəti bir daha təkrarlayıb. Jurnalist internet saytlarından birində yayımlanan videogörüntülərə baxış keçirilməsini istəyib. Onun sözlərinə görə, həmin görüntülər məhkəmə prosesindən əvvəl çəkilib. Orada A.Abdullayev bu məhkəmə prosesinin keçirilməsinə nail olmaqda gerçək məqsədini ifadə edib: “Deyirdi ki, Əli Kərimli məhkəməyə gələcək, fanatlarım ona hücum edəcək…”

Lakin vəsatət təmin edilməyib.

Bununla da məhkəmə istintaqı yekunlaşıb və ardınca prokuror çıxış edib. Prokuror da xuliqanlıq ittihamının sübuta yetirildiyini bildirib və buna görə T.Mirələmliyə 1 il azdlığın məhdudlaşdırılması cəzasının verilməsini təklif edib. Bu isə o deməkdir ki, T.Mirələmli 1 il ərzində elektron daşıyıcı ilə hərəkət etməli, onun harada olmasına nəzarət olunmalıdır. Bundan başqa, gecə saat 23.00 radələrindən səhər saat 07.00-a qədər evdən çıxma qadağası ola bilər.

Lakin bu cəza A.Abdullayevi qane etmir. O, məhkəmədə də buna etirazını bildirib. T.Mirələmliyə 2 il həbs cəzası verilməsini tələb edib.

İyunun 25-də davam edəcək növbəti məhkəmə iclasında T.Mirələmli son sözünü deyəcək.

T.Mirələmli Meydan TV-yə bildirib ki, prokurorun istədiyi cəza ilə də razılaşmır: “Kifayət qədər ağırdır. Hətta 2-3 ay da azadlığın məhdudlaşdırılması çox ağırdır. Həbsdən də ağır hesab edirəm. Bu, təkcə mənim azadlığımın yox, həm də jurnalist kimi fəaliyyətimin məhdudlaşdırılmasıdır. Görünür məni tam nəzarətdə saxlamaq, hara gedib-gəldiyimə nəzarət etmək üçün belə addım atılır”.

T.Mirələmli fevralın 26-da Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevi vurub ona xəsarət yetirməkdə ittiham olunur.

T.Mirələmli özünü təqsirli bilmir. Onun üzv olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası bu cinayət təqibini son aylarda partiyaya qarşı güclənən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.