“Jurnalist binaları”nda “evpulu” aşağı salınıb? - Açıqlama

Bakının Bibiheybət qəsəbəsində tikilmiş “Jurnalist binaları”nda xidmət ödənişinin (“evpulu”) yüksək olması barədə dəfələrlə narazılıqlar səsləndirilib. Bu günlərdə bəzi jurnalistlər sosial şəbəkələrdə xidmət ödənişlərinin endirildiyi barədə məlumatlar yayıblar. Hətta bu təşəbbüsün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyinə məxsus olduğunu iddia edənlər var.

Modern.az məsələ barədə rəy almaq üçün KİVDF ilə əlaqə saxlayıb. Fondun mətbuat xidmətindən bildirilib ki, “Jurnalist binaları”nda xidmət ödənişlərinin endirilməsi barədə hər hansı qərar qəbul edilməyib:

“Bir yenilik olarsa, bu barədə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda xidmət haqqına görə ən bahalı yaşayış evləri olan “Jurnalist binaları”da “evpulu” 1 kvadrat metrə görə 50 qəpik müəyyən edilib. Bunu jurnalistlərin etirazına məhəl qoymayan KİVDF-nin əvvəlki rəhbərliyi həyata keçirib.

Bakının hətta mərkəzindəki evlərdə isə bu məbləğ hazırda 1 kvadrat metrə görə 30-35 qəpik təşkil edir.