İzmirdə həyatını itirənlərin sayı 25-ə çatıb

Oktyabrın 31-nə olan məlumata görə, İzmir zəlzələsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb. 804 nəfərin yaralı olduğu bildirilir.

Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Oktyabrın 30-da İzmirin Səfərihisar bölgəsində 6.6 ballıq zəlzələ olub. Səfərihisar bölgəsi İzmir şəhərinin 17 kilometrliyində yerləşir. Zəlzələnin yerin 16,54 km dərinliyində baş verdiyi açıqlanıb. Zəlzələdən sonra 35-i 4 baldan yüksək olan daha 470 yeraltı təkan olub.

Bütün bunların nəticəsində 25 nəfər həyatını itirib. Onlardan 1-i dənizdə boğulub. İzmirdə 743, Manisada 5, Balıkesirdə 2, Aydında 54 nəfər olmaqla - 804 nəfər yaralanıb. İzmirdə dağılan 17 binadan 9-da xilasetmə işləri tamamlanıb. Qalan 8 binada işlər davam edir.

Xilasetməyə bələdiyyələrdən 4.995 nəfər, 20 xilasedici it və 683 texnika cəlb edilib.