İtaliya "Pfizer" şirkətini məhkəməyə verir

İtaliya koronavirusa qarşı vaksinlərin çatdırılmasını yubatdığına görə ABŞ-ın əczaçılıq şirkəti "Pfizer"i məhkəməyə verməyə hazırlaşır.

Bu barədə yanvarın 20-də "Rai Nyuz 24" telekanalına müsahibəsində İtaliyanın Regionlar Naziri Françesko Boçça deyib.

"Biz əldə olunmuş Avropa sazişləri əsasında məsələyə aydınlıq gətirilməsini və ölkəmizə hörmət edilməsini tələb edirik", - Boçça deyib.

Siyasətçi preparatların xəbərdarlıq edilmədən ixtisar edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Bir neçə gün əvvəl "Pfizer" şirkəti Avropaya çatacaq vaksinlərin sayında ixtisarların baş verəcəyini bəyan edib, şirkət bunu məhsulun modernləşdirilməsiylə izah edib. Bildirilib ki, məhsulun istehsalınının artırılması prosesi gedir: il ərzində 1,3 milyard əvəzinə, 2 milyard doza peyvənd istehsal olunacaq. Hazırda isə zavodlar bunun öhdəsindən gəlmirlər. İlkin proqnozlara görə, vəziyyət fevralda düzələcək.

Danimarka, Latviya, Litva, Finlandiya, İsveç və Estoniya kimi ölkələr də "Pfizer" və "BioNTech" şirkətlərinin peyvəndin çatdırılmasında yol verdikləri ixtisarlardan qəzəbləndikləri barədə Avropa Komissiyasına məktub ünvanlayıblar. Ölkələr Avrokomissiyasda preparatların çatdırılmasında sabitliyin və şəffalığın təmin edilməsi üçün şirkətə təzyiq göstərilməsini tələb edirlər.